İŞİD Banqladeşdə şiələrin məscidinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Banqladeşdə şiələrin məscidinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bildirilir ki, naməlum silahlı şəxslər cümə axşamı günü əsr namazı vaxtı paytaxtın şimalındakı Şib Gənc məscidinə daxil olaraq, namaz qılanlara atəş açaraq hadisə yerindən uzaqlaşıblar.
 
Maide.az-ın məlumatına görə, polisin açıqlamasında bildirilir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
 
Baş ofisi ABŞ-da yerləşən və İŞİD terror qruplaşmasının təaliyyətlərini izləyən “Sayt” Monitorinq Təşkilatının məlumatında deyilir ki, bu təkfirçi qruplaşma öz Twitter səhifəsində yaydığı müraciətdə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
 
Bu hücum Dəkka şəhərində şiələrə məxsus müqəddəs məkanlardan birinə qumbara atmaqda ittiham olunan İŞİD üzvlərindən biri polis tərəfindən atəş açılaraq öldürüldükdən bir gün sonra baş verib. Keçən ay baş verən bu terror aktı nəticəsində iki nəfər öldürülmüşdü.
 
Banqladeş rəsmiləri daha əvvəl İŞİD terror qruplaşmasının bu ölkədə fəaliyyətinə dair heç bir faktın olmaması barədə məlumat vermişdilər.
 
Bununla belə, sözügedən terror qruplaşması Banqladeşdə törədilən bir çox hücumlara, o cmlədən italiyalı bir keşişə atəş açaraq yaralamaq və Sufi təriqətinin rəhbərlərindən birini qətlə yetirməyə görə məsuliyyəti öz üzərinə götürüb.

Google+ WhatsApp ok.ru