İŞİD bayraqdarını hansı cəza gözləyir?

Milli Şuranın 12 oktyabr mitinqində “İslam Dövləti” bayrağının qaldırılması gündəmin aktual mövzusu olaraq qalır. Mitinqdə İŞİD bayraqdarı kimi saxlanan şəxs polisdə izahat yazdıqdan sonra sərbəst buraxılsa da, heç bir cəza kəsilməyib. Bəs əslində necə olmalıdır? Kütləvi aksiyalarda, nümayişlərdə hansı bayraqların qaldırılması qanunla qadağandır və ya cəza nəzərdə tutulub?
 
Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, İŞİD-in ideologiyası kafirləri qırmağa yönəlib: “Bu ideologiya adı ilə günahsız insanlar öldürülür, başları kəsilir. Ona görə o bayrağı qaldıranı nə məqsədlə bunu edib, qəsdi nə olub aydınlaşmalıdır. 
 
Bu adam ziddiyyətli ifadələr verir. Gah təsadüf olduğunu deyir, gah yerdə bayraq gördüyünü, əyilib götürdüyünü söyləyir. Məsələ obyektiv araşdırılmalıdır və nəyə xidmət etdiyi öyrənilməlidir. Əgər nifaq salmaq niyyəti ilə edibsə və aşkar surətdə göstəribsə, Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə cinayət işi başlana bilər.
 
Bu şəxs cinayətkar mütəşəkkil dəstə ilə əlbir olaraq bayrağı qaldırıbsa, 283.2 maddəsi ilə istintaq aparıla və ağırlaşdırıcı hal kimi qeyd oluna bilər. Onun əməli sübuta yetirilərsə, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Təbii ki, bütün bu deyilənlər araşdırılmalıdır".
 
M.Baxışov İŞİD-in dünyada düşmənçilik yaratdığını və terror təşkilatı kimi tanındığını qeyd etdi: “Hər hansı milli, irqi, dini ayrı-seçkiliyi yaradan bayraqların mitinqdə qaldırılması qadağandır. İŞİD təkallahlığa xidmət edənləri belə qəbul etmirlər. Dini fəlsəfəyə görə, təkallahlığa xidmət edən kafir sayılmır. Bu hərəkatın məqsədi dini düşmənçilik yaratmaqdır. 
 
O bayrağı qaldıran şəxs də araşdırılmalıdır. Məsələn, PKK da terror təşkilatıdır. Bu təşkilat deyək ki, türkləri qəbul etmirsə, milli düşmənçilik yaradır. O zaman PKK bayrağını qaldıran da cinayət məsuliyyətinə cəlb edilə bilər. Çoxlu sayda belə bayraqlar sadalamaq olar. Onlar terror təşkilatları, müxtəlif marginal qrupların bayraqlarıdır". 

Google+ WhatsApp ok.ru