İŞİD bir gündə nə qədər qazanır - rəqəmlər

Yaxın Şərqin baş bəlasına çevrilmiş terror təşkilatının gücü, imkanları və son fəaliyyəti ilə bağlı dosyelər
Hazırda İraq və Suriyada hökumət qüvvələri ilə savaşan, böyük əraziləri tutaraq “İslam Dövləti” adı altında xilafət qurduğunu elan edən İŞİD bölgənin yeni probleminə çevrilib. İraqın şimalındakı kürd ərazilərinə doğru irəliləyən İŞİD yaraqlıları ABŞ aviasiyası tərəfindən bombalanır. Ancaq qruplaşma hələ də ələ keçirdiyi ərazilərdə böyük güc olmaqda davam edir. 
 
Hazırda dünyada ən çox haqqında bəhs olunan bu qruplaşma ilə bağlı Türkiyənin “Sabah” qəzeti maraqlı məlumatlar toplayıb. Qəzetin hazırladığı məqalədə qruplaşmanın gücü, nəzarət etdiyi ərazilər, silahlı və silahsız tərəfdarları və sair haqda məlumatlar yer alır. Məqaləni cüzi ixtisarla qeyd edirik. 
 
Hazırda İŞİD İraq və Suriyada 34 min, bəzi rəqəmlərə görə isə 90 min kv.km, yəni Azərbaycan və ya Belçika ərazisindən daha böyük bir əraziyə nəzarət edir. Təkcə iyun ayında qruplaşma İraqda 1922 nəfəri qətlə yetirib. Bu, İraqda 2007-ci ildən bu yana ən qanlı aydır. Öldürülənlərdən 1393 nəfəri mülki əhali, 380 nəfər hərbçi, 149 nəfər isə polis olub. Çoxu mülkilər olmaqla, 2600 nəfərdən artıq insan isə yaralanıb. İraqlı ekspert Hişam əl-Haşiminin məlumatına görə, İŞİD-ə qarşı İraq ordusu 30-50 min arası hərbçi cəlb edib, bunlar isə əsasən savaş gedən bölgələrdən olanlardır. Hazırda İŞİD silahlıları 5 dövlətin - İraq, Suriya, Livan, İran və Türkiyə  - ordusuna hücumlar edir. Əsas döyüşlər isə təbii ki, İraq və Suriya ordusuna qarşı aparılır. Bundan başqa kürdlərin silahlı qruplaşmaları, o cümlədən Suriyada bəzi müxalif qruplarla savaşırlar. 
 
Mütəxəssislərin məlumatına görə, hazırda İŞİD-in əlində 2 milyard dollar dəyərində nağd və əmlak olaraq vəsait mövcuddur. İŞİD-in ən böyük qazancı İraqın ikinci böyük şəhəri Mosulun ələ keçirilməsi ilə olub. Mosulda nağd pul və böyük silah-sursat ələ keçirən İŞİD xeyli dərəcədə gücünü artırıb. Eyni zamanda təxminlərə görə, İŞİD ələ keçirdiyi neft və qaz yataqlarından gündəlik orta hesabla 3 milyon dollar gəlir götürür. Yeri gəlmişkən, qruplaşma nefti çox ucuz, bazar dəyərindən bir neçə dəfə aşağı qiymətə satır. 
İŞİD-in ələ keçirdiyi ərazilərdə, xüsusən də Mosulda xristianların, o cümlədən başqa dinlərin nümayəndələrinin ibadət etmək və digər inanc azadlıqları tamamilə ləğv edilib. O cümlədən Yezidi kürdlərin yaşadıqları bölgələri ələ keçirən İŞİD silahlılarının 500 yezidini öldürdüyü ehtimal olunur. Ən azı 300 yezidi qadının isə İŞİD-çilər tərəfindən orta hesabla 5 min dollara ərəb ölkələrinə kəniz olaraq satıldığı bildirilir. 
 
Uzun müddət İŞİD-in İraqda törətdiyi qətliamlara səssiz qalan Qərb ölkələri onun  İraq kürdlərinin paytaxtı Ərbilə hücum etməsindən sonra hərəkətə keçərək İŞİD mövqelərini bombalamağa başlayıb. 1 milyon 500 min əhalisi olan Ərbil Səddam Hüseyn rejiminin devrilməsindən sonra faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərən İraq kürd muxtariyyətinin paytaxtıdır. Böyük miqdarda neft sərmayəsi qoyulan Ərbildə ABŞ başda olmaqla, bir sıra ölkələrin diplomatik nümayəndəlikləri, biznes ofisləri fəaliyyət göstərir. Ərbilə İŞİD təhlükəsinin yaranması Qərbi hərəkətə keçirib. Amerikalıların hava zərbələrindən sonra fəallaşan kürd peşmərgələri artıq iki qəsəbəni İŞİD-dən geri ala bilib. 
 
Hazırda İŞİD-in əlindəki ən böyük “silah” isə Mosul su anbarıdır. Anbarın fəaliyyətinin dayandırması nəticəsində ekoloqlara görə İraqda 500 min insan ölə bilər. Eyni zamanda İŞİD-in anbarı partlatması təhdidi gerçək olsa, İraqın böyük bir hissəsi, ən əsası da Mosul şəhəri suyun altında qalar, İraqın əkinçilik sahəsi böyük zərbə alardı. 
Hazırda kürdlərin yaşadığı bölgədə, Sincar dağlarında 40 min nəfərə yaxın kürd və türkmən əhali köməksiz və yardıma ehtiyaclı halda qalıb. musavat /

Google+ WhatsApp ok.ru