Deputat: Faizsiz kredit başlıqlı reklamlar aradan qaldırılmalıdır

Yeni reklam haqqında qanunda banklar haqqında xüsusi müddəalar da yer alıb. Bu isə maliyyə bazarında reklamlarla bağlı problemin olması ilə əlaqədardır.
 
Bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov parlamentin son iclasında birinci oxunuşda qəbul edilmiş “Reklam haqqında” Qanunun banklar üçün nəzərdə tutulmuş bəndlərini şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, maliyyə, bank, sığorta qiymətli kağızların reklamında daha çox aşkarlığa yol vermək lazımdır:
 
“Yəni müqavilələrin bağlanması ilə əlaqədar, faiz dərəcəsi ilə bağlı, bank kreditlərinin verilməsi ilə bağlı məsələlər - bütün bunların hamısı reklamda əksini tapmalıdır. Verilən kreditin və qəbul edilən depozitin faiz dərəcələri dəyişiklik aparılanadək mütləq rəqəmlərlə göstərilməlidir”.
 
Onun sözlərinə görə, kreditlərin və depozitlərin dəyişən şərtlərlə verilməsi, başlanma tarixi, yeri, şərtlərin qüvvədə olma müddəti də reklam mətnlərində yer almalıdır:
 
“Bu gün faizsiz kredit başlığı ilə reklamlar gedir. Bu cür reklamlar da aradan qaldırılmalıdır. Banklar tərəfindən də bizə müəyyən təkliflər verilib. İkinci oxunuşda bankların da təklif etdiyi məsələlərə baxılacaq” - deyə, Vahid Əhmədov bildirdi.
 
Qeyd edək ki, yeni reklam haqqında qanuna əsasən, Azərbaycan bankları ölkə vətəndaşlarını bundan sonra stimullaşdırıcı reklamlarla, yaxud maliyyə savadsızlığından istifadə edərək aldada bilməyəcəklər. Belə ki, Reklam haqqında sənədə əsasən, bank kreditlərinin verilməsinin və depozitlərin qəbulu şərtlərinin dəyişməsi barədə reklamda aşağıdakı məlumatlar əks olunmalıdır:
 
Dəyişikliyin şamil olunduğu kredit və depozit növləri, onların verilməsi və qəbulu şərtləri, verilən kreditin və qəbul olunan depozitin dəyişiklik aparılanadək faiz dərəcələrinin mütləq rəqəmlərlə ifadəsi, kreditlərin və depozitlərin dəyişən şərtlərlə verilməsi və qəbulunun başlanma tarixi və yeri.
 
Bundan başqa, dəyişdirilən şərtlərin qüvvədə olma müddəti də bank müştərisinə bildirilməlidir.
 
Belə ki, əvvəl bank məhsullarının şərtlərinin dəyişməsi ilə bağlı reklam hazırlanarkən kreditlərin və əmanətlərin həm əvvəlki, həm də indiki faiz dərəcələri konkret olaraq göstərilmirdi. Bundan sonra kommersiya bankları faiz dərəcələrinin əvvəl və sonra necə olduğunu dəqiq göstərməli olacaqlar. 
 
Bundan başqa, sənədə əsasən, pay iştirakı əsasında yaşayış binalarının və başqa daşınmaz əmlak obyektlərinin tikintisi üçün pul vəsaitlərinin toplanması ilə əlaqədar olan reklam onların inşasına müvafiq icra hakimiyyəti orqanlarının icazəsi alındıqdan sonra yayımlana bilər.(oxu.az)

Google+ WhatsApp ok.ru