Deputata qarşı üç maddə ilə iddia qaldırıldı, toxulmazlığı haqda isə Zakir Qaralova müraciət olundu

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevə qarşı Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə yenidən iddia qaldırılıb. 
 
Bu barədə Mia.az-ın Xətai rayon Məhkəməsindən əldə etdiyi məlumata görə, deputatın xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edən isə onun sabiq müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayevdir. 
 
Mia.az xəbər verir ki, Şəmsəddin Hacıyevlə qarşı üç maddə ilə verilmiş şikayətə sentyabrın 5-də Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq. 
 
Məsələ ilə bağlı Mia.az-a danışan Şəmsəddin Hacıyevin sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı və həmin sahə üzrə 40 il kafedra müdiri işləmiş Bədirxan Musayev deyib ki, o, sabiq rektora qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldırıb: «Lakin həmin məhkəmə yenə də işi əsaslı səbəb olmadan Xətai məhkəməsinə göndərib. Doğrudur, sabah həmin məhkəmədə xüsusi ittiham qaydasında verdiyim şikayətə baxılacaq». 
 
İqtisad elmləri doktoru deyib ki, 60 ildən artıq bir dövrü əhatə edən elmi-pedaqoji fəaliyyətim zamanı elmi məktəbin bünövrəsi hesab etdiyi "İqtisadi kibernetika” kafedrasına rəhbərliyi ilə yanaşı, 10 ilə yaxın müddətdə fakültə dekanı, 1993-cü ildən 2000-ci ilə qədər prorektor vəzifəsində işləyib: «2000-ci ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin rektorun müşaviri vəzifəsində işləmişəm. Ancaq səhhətimlə bağlı hər hansı həkim rəyi olmadan Universitetin keçmiş rektoru Şəmsəddin Hacıyev əsassız olaraq məni işdən azad etdi və həmin dövrdən başlayaraq Milli Məclisinin deputatı Hacıyev Şəmsəddin Hümmət oğlu mənim şərəf və ləyaqətimi ləkələyən, eləcə də məni nüfuzdan salan, dövləti cinayətlərdə ittiham edən məlumatları kütləvi informasiya vasitələrində yaymaqla məşğul olub. Belə böhtanlardan biri də "Yeni Müsavat” qəzetinin 14 dekabr 2013-cü il tarixli sayında "Rektor-deputatla professorun davası qızışdı” başlığı altında, digəri qafqazinfo.az portalında "Ona "vətən xaini” damğası vuraraq işdən qovmuşam” başlıqlı məqalələrdə yer alan ifadələrdə öz əksini tapıb. Həmin yazılarda deputat Şəmsəddin Hacıyev deputat toxunulmazlığından istifadə edərək "mən ona vətən xaini damğası vuraraq işdən qovmuşam” deyib. Ola bilər ki, Ş.Hacıyev hüquqşünas olmadığı üçün "vətən xaini” ifadəsinin nə demək olduğunu anlamır. O, məni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə - Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - ağır cinayət sayılan əməldə  ittiham edib.
 
Göründüyü kimi Ş.Hacıyev məni dövləti və ağır cinayətdə ittiham etməklə yanaşı, bir az da qabağa gedərək Ulu Öndər, Ümummilli liderimiz mərhum Heydər Əliyevin də adından istifadə etmişdir. Belə ki, həmin yazılarda  Ş.Hacıyev bildirmişdir: "Bu adamın əməllərindən hələ o vaxt Heydər Əliyev şəxsən xəbərdar idi, sözünü də bir dəfə konfransda üzünə demişdi”. Ancaq əsla belə bir hal olmayıb. Olubsa, sübutları ortaya qoysunlar. Bilirsiniz ki, mərhum prezidentin bütün çıxışları dərc olunur, videoya çəkilir. Əgər belə bir hal varsa, həmin çıxışın stenoqramasını və ya videosunu cəmiyyətə yaysınlar da. Yoxdur axı. Elə bir hal olmayıb. Buradan da görünür ki, Ş.Hacıyev mənə böhtan atmış və ictimaiyyət arasında nüfuzuma xələl gətirmişdir. 
 
Bildirmək istəyirəm ki, Ulu Öndər, Ümummilli liderimiz mərhum Heydər Əliyev məni Azərbaycan SSR DTK-nın sədri olduğu müddətdən tanıyırdı və 3 dəfə xüsusi hal kimi kapitalist ölkələrinə səyahətə göndərilən qrupların rəhbəri təyin etmişdir. Bu hal da onun mənə qarşı hansı səviyyədə münasibət göstərdiyini təsdiqləyən önəmli faktdır». 
 
Göründüyü kimi Şəmsəddin Hacıyevin əməlləri Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət tərkibi yaradır. Və bu səbəbdən məhkəmədən Şəmsəddin Hacıyevin bu maddələrlə cəzalandırılmasını tələb etmişəm…». 
 
Sonda professor B.Musayev Ş.Hacıyevin deputat toxunulmazlığına xitam verilməsi məqsədi ilə Baş prokuror Zakir Qaralova rəsmi müraciət etdiyini də bildirib: "Baş prokurordan xahiş etmişəm ki, Ş.Hacıyevin deputat toxunulmazlığına xitam verilməsi məqsədi ilə Milli Məclis qarşısında məsələ qaldırsın. İnanıram ki, gec-tez həqiqəti və hüquqlarımı bərpa edəcəyəm!”. 
 
Məsələ ilə bağlı Dövlət İqtisad Universiteti ilə yanaşı, Şəmsəddin Hacıyevin də mövqeyini yaymağa hazırıq. 

Google+ WhatsApp ok.ru