Deputat Çingiz Əsədullayev mandatının alınmasından danışdı

Maide.az xəbər verir ki, qalib olduğu dairədə səsvermənin nəticələri ləğv edilmiş Çingiz Əsədullayev "virtualaz.org"a açıqlama verib.
 
Ç.Əsədullayev sayta deyib ki, deputat olsa da, olmasa da indiki hakimiyyətin və İlham Əliyevin tərəfdarı olacaq: «Gözümüz önündə o qədər siyasi hadisələr olub ki... Ona görə də belə sual yarana bilər: Çingiz Əsədullayev özünü necə aparacaq? Mən hökumətin və prezidentin istənilən qərarını dəstəkləyirəm. Əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirlərsə, deməli, belə də olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram».
 
Saytın «Bəziləri MSK-nın bu qərarını Eldar Mahmudov qruplaşmasının ifşa olunması ilə əlaqələndirməyə çalışdı və sizi də bu qrupun tərkibinə daxil etdi. Bu iddia həqiqətə nə dərəcədə uyğundur? Siz sabiq nazirlə nə dərəcədə yaxınsınız» sualına isə belə cavab verib: «Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq.
 
Yeri gəlmişkən, bəzi KİV-lər belə məlumat yaymışdı ki, Eldar Mahmudovun həyat yoldaşı bizim bankda guya bir neçə il ərzində məsləhətçi işləyib. Bu məlumat da həqiqətə uyğun deyil. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu.
 
Milli təhlükəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompromat və ya ayıb iş sayılır? Onunla ünsiyyətimiz olubsa da, bu, hər hansı təxribatçı və ya casusla yox, İlham Əliyev hökumətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. İndi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökumətin düşmənləri siyahısına salmaq lazımdır?».

Google+ WhatsApp ok.ru