Deputatların çay pulunu kəsdilər

Böyük Britaniya dövləti deputatlarına çay, peçenye və taksi pulunu ödəməyəcək.
 
ANS PRESS-in məlumatına görə, bunu Parlament Standartlarının İcra edilməsinə Nəzarət edən müstəqil komitet bildirib. Belə bir qərarın qəbul edilməsinə səbəb isə ölkədə may ayında keçiriləcək seçkilərdən sonra xərclərin azaldımasıdır. 
 
Sənəddə bildirilib ki, qonaqların qəbul edilməsi və qidalanmaya ayrılan xərclər də daxil olmaqla, bir çox qaydalara məhdudiyyətlər və dəyişikliklər ediləcək. Həmçinin mehmanxana və taksi istifadəsi qaydaları da sərtləşdiriləcək. Bundan başqa, televiziya lisenziyalarının ödənilməsinə və evlərin sığortalanmasına aid müraciətlər də qəbul olunmayacaq.
 
"Parlament üzvlərinə pulsuz peçenye və çay tələb etmək, gecəyədək işdə qalmaq lazım olsa belə, saat 13:00-dan sonra mehmanxana nömrəsi, saat 23:00-a qədər isə taksi sifariş etmək qadağan ediləcək", - deyə sənəddə qeyd edilib. Bundan əlavə, parlament üzvlərinin maaşlarının 10 faiz artırılması haqqında qərar da ləğv edilib.
 
Qeyd edək ki, Böyük Britaniyada deputatların maaşları illik 67 min funt sterlinq (təxminən 107 min 180 manat) təşkil edir. İndiyədək deputatların bu xərcləri vergi ödəyicilərinin hesabına ödənilirdi. 2015/2016 maliyyə ilindən etibarən isə deputatlar bu güzəştlərdən məhrum olacaqlar.

Google+ WhatsApp ok.ru