Deputatlar Valeh Ələsgərovu tənqid ediblər, Ziyafət Əsgərov isə “ayaqları yorğana görə uzatmağı” təklif edib

Parlamentdə 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinin sonuncu günü deputatlar elmin maliyyələşdirilməsini artırmağı təklif edənləri tənqid etmiş Milli Məclisin vitse-spikeri Valeh Ələsgərova cavab veriblər.
 
Deputat, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib ki, fundamental elm maliyyəni 10-15 il sonra geri qaytarır və ya ümumiyyətlə qaytarmır (humanitar elmlər), təhsildə islahatlar isə 10 il sonra, şagirdlər məktəbi bitirdiyi zaman özünü göstərir. Buna görə bu gün fayda tələb etmək lazım deyil.
 
Məhərrəmov dövləti ali məktəblərdə elmi maliyyələşdirməyə çağırıb. “Universitetlərdə 1200 elmlər doktoru işləyir, onlar maliyyə vəsaiti olmadığına görə araşdırmalarla məşğul ola bilmirlər”, deyə o qeyd edib.
 
Rektor hesab edir ki, dövlət xaricdə təhsili maliyyələşdirməli və magistraturada oxuyanları orduya aparmamalı, tələbələrə təhsil haqqını ödəmək üçün kredit verməli, habelə müəllimlərə elmi dərəcəsinə görə ödəniş etməlidir.
 
Məhərrəmovun fikrincə, Azərbaycan universitetlərində ABŞ, Qazaxıstan və Rusiyada olduğu kimi, Qəyyumluq Şuraları institutu tətbiq edilməlidir. Lomonosov adına MDU-nun Qəyyumluq Şurasının sədri V.Putindir. Bütün bunlar “Elm haqqında” hazırlanan qanunda əksini tapmalıdır, deyə Məhərrəmov bildirib.
 
Elmin və təhsilin məmur hücumlarından müdafiəsi mövzusunu Naxçıvanlı deputat, alim İsa Həbibbəyli irəli sürüb. O, Azərbaycan alimlərinin dövlət ideologiyasının işlənib hazırlanmasına, dilin müdafiəsinə və mədəniyyət və tarixin qorunmasına verdiyi töhfənin çox böyük olduğunu qeyd edib. Deputat alimlərimizin real fayda gətirmədiyi fikri ilə razı deyil.
 
Həbibbəyli doktorantların və stajçıların xaricdə təhsilinin maliyyələşdirilməsini vacib sayır.
 
Deputat Şəmsəddin Hacıyev də vitse-spiker Ələsgərovla azı olmadığını deyib, təhsilin dövlətin strateji sahəsi olduğunu bildirib. Təhsilə vəsaət yatırmaq lazımdır, bəhrəsi isə zamanla özünü göstərəcək.
 
Bu gün təhsil sistemində fundamental islahatlar aparılır, amma müəllimlər çox aşağı əmək haqqı alır, buna görə onların əməyinin səmərəliliyindən danışmaq çətindir.
 
Hacıyev razıdır ki, büdcədə müəllimlərin aylıq əmək haqqının 100-150 manat artırılmasını təmin etmək üçün əlavə olaraq 800 mın. manat yoxdur. “Ölkədə müəllimlərin əmək haqqını artırmaq üçün vəsait yoxdursa, onda onların attestasiyasını keçirmək, kateqoriyalar tətbiq etmək, dərs yüklərini azaltmaq lazımdır”, deyə Hacıyev bildirib.
 
Bütün bu çıxışlara vitse-spiker Ziyafət Əsgərov cavab verib, o deyib ki, elmin və təhsilin maliyyələşdirilməsinin artırılmasını istəmək lazım deyil. O, “ayaqları yorğana görə uzatmağı” tövsiyə edib.

Google+ WhatsApp ok.ru