Devalvasiya şəkər zavodunu da «vurub»?

«Rayonun 3 min nəfər sakini İmişli Şəkər Zavodunda çalışır, əlavə bu qədər də insan şəkər çuğunduru əkərək zavoda təhvil verir. Yaxın gələcəkdə tikiləcək 6 zavod hesabına bizə əlavə 20 min nəfər işçi lazım olacaq. Bu gün İmişlidə işsiz və kasıb adam yoxdur».
 
Bu sözləri 2014-cü ilin oktyabrında İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda keçirilən «Şəkər bayramı»nda deyib. Üstündən heç bir il ötməmiş, İmişlidə yeni müəssisələrin açılmağı qalsın bir yana, mövcud iş yerlərinin də kütləvi ixtisarı başlayıb. Şəkər zavodundan işdən çıxarılan adamlar yerli icra hakimiyyətinə üz tutur. Son vaxtlar onlar icra başçısının qəbuluna 30-50 nəfərlik dəstə ilə gəlirlər...
 
ABSURD TEATRI VƏ YA ZAVOD DİREKTORU HƏM DƏ HƏMKARLAR TƏŞKİLATININ RƏHBƏRİDİR?
 
İmişli şəhərinin Aran küçəsində yaşayan Feyruz Cahangirov müəssisə rəhbərliyinin təzyiqi ilə işdən çıxarıldığını iddia edir:
 
«2005-ci il mayın 5-də İmişli Şəkər Zavodunda işə götürülmüşəm. Ta 2015-ci ilin oktyabrınadək burada usta işləmişəm. Axır vaxtlar əməkhaqqım 526 manata yüksəlmişdi. Zavoda Sərdar Həsənli deyilən bir adam göndəriləndən sonra müəssisədə sağlam atmosfer pozuldu. Ona eyni vaxtda üç vəzifənin icrası həvalə edilib: həm Kəllə Qənd Zavodunun müdiridir, həm istilik sisteminə məsul şəxsdir, həm də buradakı işçilərin əmək hüquqlarını qorumalı olan həmkarlar təşkilatının rəhbəri. Gələn gündən dedi ki, səninlə işləmək istəmirəm, get özünə başqa yerdə iş tap…».
 
4 NƏFƏRLİK AİLƏ 45 MANAT ÜMİDİNƏ QALIB...
 
Feyruz Cahangirov yeni iş axtarışına Bakıdan başladığını, amma hələ ki, bir nəticəyə nail olmadığını deyir:
 
«Respublika Baş Məşğulluq Mərkəzində oldum. Oradan məni Yasamal rayonundakı bir idarəyə göndərdilər. Sonuncu isə rayona qaytardı. Ötən ilin oktyabrında sənədlərimi İmişlidəki məşğulluq idarəsinə təqdim etmişəm. Hələ də iş təklif olunmayıb. Deyirlər, diplomun yoxdur. Mən təhsil almayıb dörd il ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Diplomum yoxdur deyə, acından ölməliyəm? İndi ay ərzində əlimə gələn 45 manatlıq müharibə iştirakçılığı təqaüdüdür. Həyat yoldaşımın əmək qabiliyyəti yoxdur, iki azyaşlı uşağımız var. İşləmədiyimdən dükanlar da artıq mənə nisyə mal vermir. Dünən borca görə qazımı kəsmək istəyirdilər».
 
«ZAVODA BAŞQA YERLƏRDƏN İŞÇİ GƏTİRİLİR»
 
İmişli şəhərinin başqa bir sakini Asif Babayev də eyni vəziyyətlə üzləşdiyini deyir:
 
«Mənim də çörəyimi onlar kəsib. Əgər işdən çıxarılan bir-iki nəfər olsaydı, deyə bilərdilər ki, biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməmişik. Amma bunlar mənimlə eyni vaxtda 20 nəfəri işdən qovub. Mingəçevirdən, Şirvandan qohum-əqrəbalarını, dost-tanışlarını yığıb gətirib, yerimizə onları təyin ediblər. 2003-cü ildən orada işləyirdim. 550 manat maaş alırdım. İndi mən də 45 manatlıq «veteran pulu» ümidinə qalmışam».
 
«MƏHKƏMƏDƏ DEYİLDİ Kİ, BİZ ONLARLA BACARA BİLMİRİK»
 
İmişli şəhər sakini Eldəniz Ağayev isə təqsiri olmadan baş verən yanğın hadisəsinin qurbanı olduğunu deyir:
 
«2003-cü ildən 2015-ci ilədək zavodda işləmişəm. Tornaçı vəzifəsi daşıyırdım, son əməkhaqqım 488 manat idi. Sexdə yanğın baş verəndə məni və Kamil İbişov ad-soyadlı şəxsi təqsirli bilib işdən çıxartdılar. Əslində araşdırma ilə yanğının başvermə səbəbi tapılmadı. Bizə zorən ərizə yazdırıldı. Dedilər, yoxsa son əməkhaqqı və hesabınızı ala bilməyəcəksiniz. İcra hakimiyyətinə müraciət etdik. Tövsiyə olundu ki, zavodu məhkəməyə verək. Məhkəmədə də deyildi ki, biz onlarla bacara bilmirik».
 
«İŞDƏN ÇIXMAĞIM ÖVLADIMI DA ALİ TƏHSİLDƏN AYIRA BİLƏR»
 
Eldəniz deyir k, işdən çıxmağı hazırda ailəsini çətin duruma salıb:
 
«Yaşamağa başqa yerimiz olmadığından qaynanamgildə qalırıq. İndi bu evdə işləyən bircə elə qayınanamdır. Mənə-əlində üç diplom olan şəxsə kommunal müəssisədən 70-80 manat aylıq maaşı olan zibilyığan işi təklif olunur. Bu pulla 5 nəfərlik ailəni dolandırmaq olarmı? Üç uşağım var- ikisi orta məktəbdə, biri isə ödənişli əsaslarla institutda oxuyur. Ali məktəbdə oxuyan uşağımın illik təhsil haqqı 1300 manatdır. Əlavə olaraq onun ev kirayəsi, qida və başqa xərcləri var. İndi bilmirəm mən ona nə deyim? Deyimmi daha işdən çıxmışam, gəl sən də otur mənim böyrümdə?!».
 
PREZİDENT ADMİNSTRASİYASINA «ŞƏKƏRLİ» ŞİKAYƏT
 
İmişli şəhər sakini Məcid Əliyev isə iddia edir ki, haqlı tələb irəli sürdüyünə görə «arzuolunmaz şəxs»ə çevrilib:
 
22012-ci ildə Kəllə Qənd Zavodunda mühəndis vəzifəsi tutmaqla işə qəbul olunmuşdum. Üç il ərzində mənə öz vəzifəmin icrasına imkan verilmədi. Bu müddətdə mən 12 saatlıq növbədə operator işləmişəm. Əməkhaqqım isə 380-400 manat olub. 30-40 nəfərlə işlədiyimiz sexdə toz, zəhər udurduq. Burada işləyənlərin bəziləri vərəmə yoluxub. Daim əmək şəraitimizin yaxşılaşdırılması tələbi irəli sürdüyüm üçün rəhbərliyin məndən xoşu gəlmirdi. Bir iş günü buraxmağıma görə məni Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxartdılar. Ötən il yarımda mənim müraciət etmədiyim orqan, döymədiyim qapı qalmayıb. Dəfələrlə Prezident Administrasiyasında, Milli Məclisdə olmuşam. Pozulmuş hüquqlarımın bərpasına heç kəs kömək edə bilməyib. Bura cəngəllik qanunları ilə idarə olunur. Son vaxtlar devalvasiyanı bəhanə edərək fəhlələrin yarısını işdən çıxarıb atıblar bayıra. Halbuki müəssisə məhsullarının qiymətini də qaldırıb».
 
ƏCNƏBİLƏRLƏ YERLİ İŞÇİLƏRİN MAAŞINDA KƏSKİN FƏRQ VAR
 
Şəkər zavodunun fəhlələri iddia edir ki, müəssisədə əcnəbi işçilərə yerlilərin əməkhaqqında kəskin fərq var. Bundan əlavə, əməkhaqqının bir hissəsini plastik kartla, qalanını isə müəssisənin «qara mühasibatlıq»ından aldıqlarını deyirlər.
 
​İCRA HAKİMİYYƏTİ ÖZƏL MÜƏSSİSƏNİN İŞİNƏ QARIŞA BİLMİR
 
İmişli rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsinin müdiri Valid Ağayev məsələyə belə münasibət bildirib:
 
«Şəkər zavodu özəl müəssisədir, yerli icra hakimiyyətinin onun işinə müdaxiləsi yolverilməzdir. İndiyədək bizə müraciət edənlərin əksəriyyəti öz ərizəsi ilə işdən çıxanlardır. Buna baxmayaraq, onların hamısını qeydə alırıq. İcra başçısı öz nüfuzundan istifadə edib, bu adamların yenidən işə qaytarılması üçün müəssisə rəhbərliyi ilə danışıqlar aparır. Kimsə əmək hüququnun pozulduğunu iddia edirsə, Əmək Müfəttişliyinə və məhkəməyə müraciət edə bilər».
 
Şifahi sorğumuzu cavablandıran 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Cabbar Məmmədov bildirdi ki, İmişli Şəkər Zavodunda əmək hüquqlarının pozulması ilə bağlı onlara rəsmi qaydada şikayət edən olmayıb.
 
İŞÇİLƏRİN SAYI İLƏ BAĞLI AÇIQLANAN MƏLUMATLAR UYĞUN GƏLMİR
 
İmişli Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Namiq Əhmədov İmişli Şəkər Zavodunda 400-dən artıq iş yerinin ixtisarı ilə bağlı deyilənləri qəbul etmir:
 
«Zavod kənd təsərrüfatı profillidir, ilin müəyyən dövründə burada işin həcmi azalır. Bizə yalnız 92 iş yerinin ixtisarı ilə bağlı məktub daxil olub».
 
Amma rayon statistika idarəsindən bildirilir ki, müəssisə üzrə iş yerlərinin sayı azalmayıb, əksinə, artıb: «AŞİB üzrə işçilərin sayı 2014-cü ildə 1191, ötən il isə 1209 olub».
 
Yazının əvvəlində yada salmışdıq ki, İmişli RİH başçısı 2014-cü ildə Şəkər Zavodunda 3 min nəfərin çalışdığını deyib. İcra Hakimiyyətinin rəsmi internet səhifəsində isə işçilərin sayı 850 nəfər göstərilib.
 
İşdən çıxarılan İmişli sakinləri bu rəqəmlərin heç birinə etibar etməsələr də, iş yerlərinin artması ilə bağlı statistik məlumatı ağ yalan adlandırırlar:
 
«2015-ci ilin əvvəlindən başlayaraq müəssisədə hər hansı səbəbdən işdən çıxanların yerinə yeni işçi qəbul edilməyir. Onda belə çıxır ki, zavod kəllə qəndlə yanaşı, kəlləli adam da istehsal edir».
 
İSTEHSALI VƏ İXRACDA AZALMA RAYON BÜDCƏSİNƏ DƏ TƏSİR EDİB
 
Uzun-uzadı cəhdlər etsək də İmişli Şəkər Zavodundan bütün bu deyilənlərə hər hansı bir münasibət bildirilmədi. Ancaq onların da mövqeyini hər zaman verməyə hazırıq.
 
İmişli Azərbaycanın yeganə rayonudur ki, özünü maliyyələşdirir. Yerli gəlirlərin təxminən 45 faizi İmişli Şəkər Zavodu hesabına təmin edilir.
 
Son vaxtlar şəkər istehsalı və ixracında da kəskin azalma müşahidə edilir. İmişli rayon statistika idarəsinin məlumatına görə, zavod 2014-cü ildə 403.4 min, 2015-ci isə 312.3 min ton şəkər tozu istehsal edib. Dövlət Statistika Komitəsi isə 2015-ci ilin birinci yarısında şəkər məhsullarının ixracında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalma qeydə alıb. Bu, 21 milyon manatlıq büdcəyə malik rayonun özünü maliyyələşdirməyində də ciddi problemlər yaradıb. Cari ilin büdcəsində rayonun xərcləri ötən illə müqayisədə 1 milyon manatdan çox azaldılıb. Halbuki, Azərbaycan rəsmiləri indi büdcəni rayonların dotasiyasından xilas etməkdən danışırlar...(AzadlıqRadiosu)

Google+ WhatsApp ok.ru