Devalvasiyadan sonra əhalinin az təminatlı ailələrinin problemlərini həlli üçün nə etmək lazımdır?

Azərbaycan Vergilər Nazirliyi marketlər şəbəkələrində yoxlamalara başlayıb. Yoxlamalara bu gün səhər saatlarından start verilib. 
 
Qeyd edək ki, market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək, sahibkarların hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər. Bu üzdən, sahibkarlar xahiş edirlər ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin. 
 
Ortaya sual çıxır, 30 faiz devalvasiyadan sonra 100 faiz qiymət artıran supermarketlər indi "qurban" qismində dövlətdən vergi güzəşti istəyirvə dövlət əhalinin az təminatlı ailələrini və fəhlə qisiminin problemlərini həlli üçün nə etməlidir?
 
Əhalinin sosial müdafiəsini gücləndirmək üçün  maaş və pensiyaların artırılması əsas yol deyil. Əsas tələb olunan məsələlərdən biri məşğulluğun genişləndirilməsidir. Bu sözləri Maide.az açıqlamasında iqtisadçı-eksper Pərviz Heydərov deyib.
 
"Məlum olduğu kimi Mərkəzi Bankın keçən ilin sonuna yaxın – 2015-ci ilin dekabrın 21-də həyata keçirdiyi ikinci devalvasiya tədbiri birincisinə nisbətən daha kəskin xarakter daşıdı. Belə ki, keçən ilin fevralın 21-i tarixdə manatın ABŞ dollarına nəzərən 34% ucuzlaşdırılması, yəni ilk devalvasiya tədbiri makroiqtisadi sabitliyə ciddi zərbə vurmamışdı. Lakin ikinci addım daha ağrılı oldu. Və bu, heç də devalvasiyanın əvvəlkindən yüksək – 48 % səviyyəsində həyata keçirilməsi ilə əlaqədar baş vermədi. Odur ki, əgər, ilk devalvasiya nəticəsində hökumət sosial artımlara getmədisə, ikincidə bu addımı atmağa məcbur qaldı. 
 
Əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən orta hesabla 10% həddində də olsa, bütün zəruri istiqamətlərdə ödənişlər artırıldı. Hazırda, düzdür, vəziyyət yenə mürəkkəb xarakter daşıyır, ancaq əsas odur ki, çıxılmaz deyil. Sözsüz ki, maaş və pensiyaların artırılması əsas yol deyil. Əsas tələb olunan məsələlərdən biri məşğulluğun genişləndirilməsidir. Bunun üçün isə ilk növbədə yaranmış yeni situasiya ilə əlaqədar olaraq, ixtisarların qarşısını almaq lazımdır. Hazırda əsas hədəf məhz bu, olmalıdır. İkincisi, daxili istehlak bazarının idxaldan asılılığı azaldılmalıdır. 
 
Üçüncüsü, əmək qabiliyyətli əhali daha çox aqrar sektora, kənd təsərrüfatı məhsullarının əkin və biçininə yönəldilməlidir. Dördüncüsü isə ümumiyyətlə, iqtisadiyyatın yaxın perespektivdə yeganə xilas yolunun kiçik sahibkarlığı inkişaf etdirməkdən asılı olduğu qəbul edilməlidir. Ev təsərrüfatlarının müstəqil şəkildə gəlir əldə edə bilmələri təmin olunmalıdır. Maliyyə dəstəyinin artırılması və sosial yardımların genişləndirilməsi və sairlə heç nəyə nail olmaq mümkün deyil. Vətəndaşa müstəqil şəkildə qazanmaq - maddi gəlir etməsi üçün şərait yaradılmalıdır. Bu isə müəyyən vaxt tələb edən prosesdir".
 
Ekspertin fikrincə bir sıra iri supermarketlərin devalvasiyalardan sonra yaranmış situasiya ilə əlaqədar hökumətdən vergi dərəcələrini aşağı salmasını istəmələri əslində, təbii qarşılanmalıdır.
 
Bilirsiz, devalvasiya səbəbindən irəli gələn qiymət artımının qarşısı əgər, inzibati yolla məhdudlaşdırılırsa vergi dərəcələri mütləq aşağı salınmalıdır. Eyni zamanda, dərəcələr əgər, yumşaldılarsa və yaxud da deyək ki, diferensiallaşdırılarsa, supermarketlər də pərakəndə satış qiymətlərini hissolunacaq səviyyədə endirməlidirlər. Lakin, iş bundadır ki, bizdə vəziyyət başqadır. Devalvasiyalardan sonra hökumət təbii deyil, süni qiymət artımlarının qarşısını almağa çalışmışdır. Yəni, manat ucuzlaşdırıldıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında sui-istifadə hallarına və süni qiymət artımına qarşı nəzarəti gücləndirdi. Və bu sahədə digər qurumlar da müvafiq tədbirlər həyata keçirməyə başladılar ki, bunun böyük rolu oldu".
Müsahibimiz süni qiymət artımını yaradanlar kimlərdir və hansı qurumlardır?-sualına isə bu cür cavab verdi: 
 
"Sözsüz ki, inhisarçılar. Supermarketlər özləri də pərakəndəsatış obyektləri sırasında bir növ inhisarçı qurumlardır. İri supermarketlər şəbəkələrinin rəhbərlərinin hökumətə vergiləri yumşaltmaq barədə müraciətinə sözsüz ki, baxılmalıdır və baxılmışdır da. Lakin tutaq ki, dərəcələr yumşaldıldı və yaxud da deyək ki, diferensiallaşdırıldı, pərakəndə satış qiymətləri də cüzi də olsa ucuzlaşacaqmı ?! Şübhəsiz ki, yox... Bax, odur ki, məsələyə geniş yanaşmaq lazımdır. Kimlərsə yeni bazar şərtlərinə uyğunlaşa bilmirsə, bunun günahını dövlətdə və hökumətdə axtarmalı deyil. Dövlət tənzimləyici orqandır. Bazarda tələb və təklifin nisbətini müəyyən edən tərəf deyil. Vergi siyasəti isə ümumi iqtisadi tələblərə əsasən təşkil olunur, bu və ya digər qurumların, sahibkarların yox.  Ümumiyyətlə, dövlətin əsas vəzifəsi bazarda alıcı qüvvəsinin mənafeyini qorumaqdan ibarətdir. Alıcı qüvvəsini ititməmək üçün isə bazarda təkliflə çıxış edən tərəflər də öz növbələrində müvafiq addımlar atmalıdırlar. Bütövlükdə, vegidə güzəştlər əsasən, kiçik sahibkarların maraqlarını təmin etmək üçün atılmalıdır, irilərin deyil."/
 
 

Google+ WhatsApp ok.ru