Devalvasiya təhlükəsi manatı daim izləyir

Ekspertlərə görə, vəziyyət ciddi olaraq qalır

Manatın yenə ucuzlaşacağı barədə ehtimallar səslənməkdədir. Əksər ekspertlər ilin sonuna kimi devalvasiya olacağı barədə proqnozlar verirlər. Həmçinin, yenə də kəskin devalvasiya qorxusu var.
 
Qeyd edək ki, qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb. Hökumət açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağını bildirib. Amma bu proqnozlar ölkədə iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirləri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin ucuzlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər.
 
"Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər, əgər indiki trend qarşıdakı aylarda da davam edərsə". Bu, Asiya İnkişaf Bankının gözləntisidir. Bankın "Asian Development Outlook 2015 Update" adlı hesabatında bildirilir ki, Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir: "Bu ilin fevralındakı devalvasiyadan sonra dollar depozitləri az qala iki dəfə artıb". Bank qeyd edir ki, Azərbaycanın xarici valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu azalma Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.
 
Manatın məzənnəsi dünya bazarlarında neftin qiymətindən asılıdır. Əgər ötən ilin avqustunda Azərbaycan nefti 103.08 dollara satılırdısa, indi iki dəfədən çox ucuzlaşıb. Ölkədə inflyasiya sürətlənib. Və devalvasiya xaricdən gətirilən malların qiymətinin artmasına şərait yaratmaqda davam edəcək.
 
Bank xatırladır ki, hökumət qənaətə keçib: "2016-cı ilin dövlət büdcəsi yığcamlaşdırılıb, bəzi investisiya layihələri təxirə salınıb." Amma növbəti devalvasiya ilə bağlı proqnozuna baxmayaraq bank bundan əvvəlki hesabatda Azərbaycanın inkişaf tempi ilə bağlı verdiyi proqnozu dəyişməyib. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə narahatlığa əsas görmür: "Vəziyyət normal, sabitdir. Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün heç bir əsas yoxdur".
 
Qeyd edək ki, fevral devalvasiyasından bir gün əvvəl də Rüstəmov telekanal vasitəsi ilə manatın möhkəmliyi barədə açıqlama vermişdi, amma manat dollara görə 34 faiz ucuzlaşdı. İqtisadçı-ekspertlər bir neçə ay əvvəldən devalvasiya təhlükəsindən danışsalar da, hökumət rəsmiləri nikbin açıqlamalar verirdilər.
 
Ekspertlər yenı də bildirirlər ki, devalvasiya təhlükəsi qalır və vəziyyət ciddidir. İqtisadçı Samir Əliyevin sözlərinə görə, hökumət fevral devalvasiyasına getməyə məcbur olub. Çünki həmin ərəfədə ölkədə böyük panika yaşandı, böyük məbləğdə dollar alışı həyata keçirildi. "Nəticədə valyuta ehtiyatı azalmağa başladı. Mərkəzi Bankın valyuta ehtiyatı son bir ildə iki dəfəyə qədər azalıb. 15 milyarddan 7,3 milyarda düşüb. Fevral ayında qısa müddətdə bir həftə ərzində 1,5-2 milyard pul əriməyə başladı. Hökumət də devalvasiyaya getməyə məcbur oldu". Onun sözlərinə görə, hökumət bu dəfə də kəskin devalvasiyaya gedə bilər, ancaq yumşaq devalvasiya daha məqsədəuyğundur.
 
Ekspert Vüqar Bayramov da qeyd edib ki, fevral ayında devalvasiyadan qaçmaq çox çətin idi: "Mərkəzi Bank kəskin devalvasiyaya getməyə bilərdi. Bizdə olan məlumatlara görə, Mərkəzi Bank kəskin devalvasiyaya getməyi düşünmürdü. Bu, ona görə baş verdi ki, valyuta bazarına müdaxilələr oldu. Yalnız bir gün ərzində valyuta bazarında yarım milyard dollar vəsait alındı. Amma bütün hallarda manatın dollara nisbətən məzənnəsinin ucuzlaşması qaçılmaz idi. Çünki manat kəskin möhkəmlənmişdi. Bu da qeyri-neft sektorunun inkişafını əngəlləyirdi. Qeyri-neft sektorunun inkişafı baxımından yumşaq devalvasiyaya gedilməsinə ehtiyac var idi". /musavat.com/

Google+ WhatsApp ok.ru