DEVAMM: “İsrail rejiminin cinayətləri durdurulmalıdır”

`Beynəlxalq hüququn həyasızcasına tapdanmasına, insanların məhv edilməsinə etirazımızı bildiririk`

İsrail rejimi Qəzza bölgəsinin kütləvi bombardmanına başlayıb. Ölənlərin sayı sürətlə artaraq, artıq 100 nəfərə yaxınlaşır. Yaralananların, şikəst olanların sayı hesaba gəlmir. DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bununla bağlı bəyanat qəbul etmişdir. Mərkəzin sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “İsrail rejimi növbəti dəfə cinayətkar işğalçı mahiyyətini ortaya qoydu. Milyon yarım insanı konslagerdə saxlayan, kiçicik müqaviməti amansızlıqla yatızdıran, Qəzzanı qan gölünə döndərən sionist rejim, bütün bəşəriyyətə meydan oxumaqdadır.
 
Bir qədər bundan öncə hələ işğal olunmamış Fələstin ərazilərində yeni sionist məskənlərinin salınmasının növbəti dalğası başlandı. Fələstinlilərin haqlı narazılığına dünya birliyi növbətçi çıxışlarla kifayətlənməklə cavab verdi. Bunun ardınca 3 sionist, bir fələstinli gənci diri-diri yandırdılar. Dünya birliyi, müsəlman ölkələrinin əksəriyyəti yenə susdu. Bütün bunlardan sonra HƏMAS fəalları ara-sıra kiçicik müqavimət aksiyaları həyata keçirməyə başladılar. Cavabında sionist yaraqlıları kütləvi qətliam taktikasına start verdilər. Qoca, qadın, uşaq bilmədən hərbi-hava qüvvələrinin davamlı avia-zərbələri başladı.
 
Ölənlərin, yaralıların sayı dönmədən artır. Qəzza, humanitar fəlakət astanasındadır. DEVAMM olaraq, sionist cinayətlərinə qarşı hiddətimizi bildirir, beynəlxalq hüququn həyasızcasına tapdanmasına, insanların məhv edilməsinə etirazımızı bildiririk. Dünya ictimaiyyətini bu cinayətləri durdurmağa çağırırıq. İsrail rejiminin cinayətləri dayandırılmalıdır.
DEVAMM olaraq onu da qeyd etməyi özümüzə borc bilirik ki, İŞİD-in cinayətlərinin, ümmətin kürəyinə sancılan xəncər yaralarının bu dönəmdə baş verməsi heç də təsadüfi xarakter daşımır. Təhlillər onu göstərir ki, İŞİD-in operativ rəhbərliyini Körfəzin vəhhabi-təkfirçi rejimləri həyata keçirirsə, strateji koordinasiya Qərbin xüsusi xidmət orqanlarının və sionist rejimin hərbi-kəşfiyyat strukturlarının əlindədir. Bu baxımdan, növbəti Qəzza qətliamından öncə İraqda törədilən İŞİD cinayətlərinin daha bir hədəfi də bəlli olur. Və bu sırada bəzi müsəlman ölkələrinin tutduğu mövqe böyük suallar doğurur. Çox acınacaqlıdır ki, bəzi müsəlman ölkələri faktiki olaraq, xəyanətkarlıq rəftarına üstünlük vermişlər. Onlar, sionist cəlladların cinayətlərində şərikdirlər.
 
DEVAMM olaraq, ümməti ayıq olmağa, vəhdət nümayiş etdirməyə çağırırıq. Eyni zamanda vurğulayırıq ki, sionist hücumunun mühüm hədəflərindən biri də FƏTH və HƏMAS arasında siyasi birliyin gətirəcəyi nəticələri də heçə endirmək, silah gücünə Fələstindaxili milli vəhdəti məhv etməkdir. Bu baxımdan, məhz ümmətin birliyi sayəsində bu bəşəri cinayətlərin davam etməsinin qarşısını almaq, Fələstinin azadlığına nail olmaq mümkündür. Qarabağ dərdini yaşayan bizlər üçün bütün bunlar xüsusilə aktual mövzulardır”.

Google+ WhatsApp ok.ru