DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu və daha 3 nəfər Şirvanda polis tərəfindən saxlanılıb -YENİLƏNİB

DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu və daha 3 nəfər Şirvanda polis tərəfindən saxlanılıb -YENİLƏNİB

16:03
 
Azadliq.org xəbər verir ki, Şirvan rayon Polis Şöbəsindən İ.İbrahimoğlunun və digər dindarların saxlanması barədə detallı bilgi verməyiblər. Növbətçi hissədən yalnız polisə gətirilənlərin olduğunu, onların fərdi söhbətdən sonra sərbəst buraxılacağı bildirilir.
 
Şöbənin növbətçi hissəsindən detallı informasiya almaqdan ötrü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət etməyi tövsiyə ediblər. Ancaq DİN-dən məlumat almaq mümkün olmayıb. 
 
12:53
 
Şirvan Apellyasiya Məhkəməsində  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsində yaxından iştirak etmək üçün bu şəhərə getmiş Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu və daha 3 nəfər Şirvanda saxlanılaraq polis bölməsinə aparılıb. 
 
Maide.Az xəbər verir ki, artıq bir neçə saatdır ki, polis tərəfindən saxlanılan Hacı İlqar İbrahimoğlu,  Elmxan, Vasif və Eldəniz adlı digər 3 dindardan xəbər yoxdur. 
 
Qeyd edək ki, məhkəmənin keçirilməsi ilə əlaqədar polis əməkdaşları, Daxili Qoşunlar Şirvan Şəhər Appelyasiya məhkəsinin binası ətrafına yeridilib. Hətta şəhərə giriş də polislər tərəfindən nəzarətə götürülüb. 
 
Hətta Sərdar Hacıhsəsənlinin vəkili də məhkəmə binasına tərəf buraxılmayıb. Bu barədə vəkil Cavad Cavadov özünün facebook profilində məlumat paylaşıb.
 
Xatırladaq ki, bundan öncəki Apellyasiya Məhkəməsi mart ayının 10-da Nizami Rayon Məhkəməsində baş tutmuşdur. Məhkəmə işə baxaraq növbəti baxış üçün vaxt təyin etmişdi.
 
Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsi ölkədə və xaricdə yaşayan inanclılar tərəfindən narazılıq və etirazla qarşılanıb.

Google+ WhatsApp ok.ru