Dietoloq: `Azərbaycanda əhali qidalanma ilə bağlı səhvlərə yol verir`

Dietoloq: `Azərbaycanda əhali qidalanma ilə bağlı səhvlərə yol verir`

Düzgün qidalanma ilə sağala bilərik
Müasir dövrün ciddi xəstəliklərindən biri də piylənmədir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu gün Azərbaycanda 5 minə yaxın insan piylənmə diaqnozu ilə müalicə müəssisələrində qeydiyyatdadır. Amma piylənmədən əziyyət çəkən insanların hər birinin qeydiyyata düşməməsi bu cür insanların sayının daha çox olduğunu deməyə əsas verir. 
 
Maide.Az xəbər verir ki, "Saglam qidalan və arıqla" kitabının müəllifi, dietoloq Leyla Zülfüqarlı "Report"a bildirib ki, hər ölkənin əhalisinin özünəməxsus piylənmə səbəbləri var: "Azərbaycanlılar üçün piylənmə ciddi xəstəlik əlamətidir. Çünki piylənməyə məruz qalmış insan mütləq şəkildə hansısa orqanların xəstəliyindən əziyyət çəkir. Düzdür, çəki artıqlığının da kateqoriyası var. Hər çəkisi artıq olan insanın piylənməyə məruz qaldığını demək olmaz. Artıq çəkili insan piylənmənin 1, 2, 3-cü dərəcələrindən birinə daxildirsə, həmin şəxs xəstə kateqoriyasına aid edilir. Çünki artıq çəki xəstəlik hesab olunmasa da, piylənmə xəstəlikdir. Bir insanda piylənmə varsa, artıq onun orqanizmi xəstəliyindən siqnal verir. Çünki bir sıra hormonlar dəyişir."
 
 
1.50-55 boylarında insan üçün 80 kiloqram artıq piylənmədir
Onun sözlərinə görə, bədən çəki indeksi 30-dan aşağı olan insanlar xəstə yox, çəki artıqlığı sindromundadırlar: "İndeksi 30, 35, 40 və daha cox aralıqlarda dəyişənləri isə piylənmənin müxtəlif dərəcələrinə aid etmək olar. Ümumdünya Səhiyyə Təşkilatınin hesablamasına görə, piylənmənin üç dərəcəsi var. Amma Azərbaycanda sanki piylənmənin 4-5-ci dərəcələri də mövcuddur. Çəki indeksi 50-ni, 60-ı və daha yüksək rəqəmi göstərən xəstələr var. Artıq onlar "Morbid obezitə" diaqnozundadırlar. Piylənmənin olması insanda ürək, qan-damar, şəkərli diabet, haşimoto qalxanabənzər vəzin xəstəlikləri (zob, Hashimoto), hətta sonsuzluq kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstələrin nəinki sayı artır, hətta yaşı da gəncləşir. İnsan çəki və boyu ilə hesablanan və əldə olunan doğru çəki indeksini stabil saxlamağa çalışmalıdır. Boyu 1,50 olan insanın çəkisi 80 kiloqram olsa da, artıq piylənmənin birinci dərəcəsi hesab olunur. 1,50-1.55 boyda olan insanların çəkisi ən çoxu 62 kiloqram ola bilər. Bundan yuxarı olmamalıdır". 
 
Piylənmə yanlış qidalanmadan qaynaqlanır
Həkim-dietoloq deyib ki, piylənmə birdən-birə deyil, mərhələlərlə yaranır: "İnsanlar xəstəlikləri səhv qidalanma nəticəsində qazanırlar. Qidalanma nəticəsində yaranan xəstəliklər arasında piylənmə ilk sırada yer alır. Bu sırada piyənmə ilə yanaşı, ən çətin müalicə olunan xəstəliklərin də adları var. Biz qidalanma tərzini düzəltmək, doğru qidalanmaqla xəstəliklərdən xilas ola bilərik. İnsan düzgün qidalandığı müddətdə sağlam qalır. Qeyri-sağlam qidalanma nəticəsində isə xəstəliklər qazanır. Dietologiya elmi düzgün qidalanma ilə xəstəliyin müalicə olunmasına kömək edir. Qidalar dərmanların bacarmadığını edir. Bir insan dərman içib xəstələnmir ki? Qazanılmış xəstəliklərin əksəriyyətinin səbəbkarı insanlardır. Xəstəliyin yaranmasına isə qeyri-düzgün həyat tərzimiz səbəb olur. Hətta infeksion-iltihabi xəstəliklərin çoxalmasının də səbəbi düzgün qidalanmamaqdır. Çünki insan yanlış qidalanma nəticəsində anti-oksidant almır və xəstəlikdən qoruna bilmir. Yəni düzgün qidalanma bütün orqanlar sistemini müdafiə etdiyi kimi, səhv qidalanma da bütün sistemi təhlükə altında qoyur. Düzgün qidalanma ilə sağala bilərik. Bu yolla bəşəriyyət üçün təhlükəli hesab olunan xəstəlikləri belə müalicə edə bilərik. Mən şəxsən çox ağır xəstəlikləri düzgün qidalanma yolu ilə müalicə edirəm. Çünki qidalar tanrının verdiyi ən müqəddəs nemətdir". 
 
Azərbaycan əhalisinin qidalanma mədəniyyətində çox yanlışlar var
Leyla Zülfüqarlı vurğulayıb ki, xərçəng xətəliyinin də müalicə mərhələlərinin ən ön sıralarında düzgün qidalanma əsas yerlərdən birini tutur: "Rafinə edilmiş, süni və geni dəyişdirilmiş qidalar nəinki çəki artıqlığı problemini yaradır, eləcə də xərçəng xəstəliyinin yaranmasına, xəstəliyin cavanlaşmasına səbəb olur. Bəzən düşünürük ki, keçmişdə də bu gün olduğu kimi qidalanırdıq, amma indiki kimi xəstəliklər yox idi. Nəzərə almalıyıq ki, qloballaşma gedir, həyat tərzi, qidalanma dəyişib. Bunlar xəstəliklərin yaranmasına birbaşa təsir edir. Bundan başqa, 20 il əvvəl bu xəstəliklərin olmadığına heç kim təminat verə bilməz. Sadəcə onları aşkar edən olmurdu. İndi bütün xəstəliklərin müayinəsi, müalicəsi üzərində iş aparılır və buna görə də məlumatlı oluruq". 
 
Həkim-dietoloq qeyd edib ki, Azərbaycanda əhalinin qidalanma tərzində xeyli səhvlər var: "Yanlış addımların atılmasında sterotiplər də rol oynayır. Əhalinin qidalanma ilə bağlı məlumatlandırılması yetərli deyil. İkinci ən böyük amil isə sterotiplərimizdir. Belə ki, insanlar bəzən həmin qida səhvlərini bilirlər. Bilənlər də bilməyənlərə öyrədə bilər. Amma bu baş vermir. Çünki sterotiplərimiz mane olur. Bəzən bilənlər də haqsız olduğunu düşünür. Məsələn, insanlar əvvəllər də şirin çay içdiklərini və problem olmadığını fikirləşirlər. Bir tərəfdən də xəstəliklərin ötürülməsində keçmiş nəsillərin də rolu var. Çünki vaxtında müalicə olunmayıb. İkinci tip diabet xəstəliyinin yaradıcısı özümüzük. Bu xəstəlik nəsildən-nəsilə yalnış qidalanma ilə ötürülür. Biz qonşu ölkələr arasında qidalanma zamanı daha çox səhvlərə yol veririk". /

Google+ WhatsApp ok.ru