Diktatorlar jurnalistləri hansı bəhanələrlə susdurur?; Əliyev rejimi də bu siyahıdadır

“The Washington Post” diktatura ölkələrində jurnalistləri susdurmaq üçün milli təhlükəsizlik bəhanəsindən istifadə hallarından bəhs edən məqalə yayımlayıb. “Bütün dünyada ”milli təhlükəsizlik” adı altında jurnalistlərə qarşı repressiyalar həyata keçirilir” başlıqlı məqalədə bu praktikanın geniş yayıldığı ölkələrdən biri kimi Azərbaycanın adı çəkilir. Məqalənin tərcüməsini təqdim edirik:
 
***
Keçən ay Türkiyədə “Vice News”un üç jurnalistinin həbsi media nümayəndələrinə qarşı terror ittihamı ilə hücumlar seriyasından növbəti addımdır. Oxşar ittihamlar ötən il Misirdə mühakimə olunan “Əl-Cəzirə”nin üç reportyoruna qarşı da irəli sürülmüşdü. Efiopiyalı jurnalist Eskinder Neqa 2012-ci ildə hökumət əleyhinə tənqidi yazılarından sonra terrorçuluqda ittiham edilərək həbs olunmuşdu.
 
“Biz görürük ki, tənqidi materialları cilovlamaq üçün milli təhlükəsizlik bəhanəsindən sui-istifadə halları getdikcə daha da artır”, – deyə BMT-nin söz azadlığı üzrə xüsusi araşdırmaçısı Devid Key bildirib.
 
Eyni zamanda Kaliforniya Universitetinin hüquq professoru olan Key xəbərdarlıq edərək vurğulayıb ki, bir sıra ölkələrdə jurnalistləri susdurmaq üçün anti-terror qanunlarından sui-istifadə hallarının artması tənqidi reportajları mümkünsüz edib: “Milli təhlükəsizlik ifadə azadlığını məhdudlaşdırmaq üçün qanuni əsas kimi göstərilir. Yəni, milli təhlükəsizlik bəhanəsindən tez-tez qanunsuz məqsədlər üçün sui-istifadə olunur”.
 
Key milli təhlükəsizliklə bağlı qanunvericilikdən jurnalistlərə qarşı istifadə hallarının geniş yayıldığı ölkələr kimi Azərbaycan və İranın adını çəkib.
 
Beynəlxalq Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin açıqladığı rəqəmlərdən görünür ki, son illərdə bütün dünyada həbsxanaya salınan jurnalistlərin sayı artır. Əgər 2000-ci ildə bütün dünya üzrə həbsdə 81 jurnalist vardısa, ötən il bu rəqəm 221 olub. Onların arasında “The Washington Post”un əməkdaşı, hazırda Iranda casusluq ittihamı ilə həbsdə saxlanılan Ceyson Rezayan da var.
 
Mənzil-qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin direktor müavini Robert Maxoni də deyir ki, xüsusən avtoritar liderlərin idarə etdiyi ölkələrdə bu cür praktika geniş yayılıb: “Onlar özlərini repressiv şəkildə apararaq, tənqidi səsləri susdurmaq üçün terrorizmə qarşı mübarizədən bəhanə kimi sui-istifadə edirlər”.
 
BMT-nin eksperti Devid Key hesab edir ki, bu cür halların geniş yayılmasında Qərb dövlətlərinin hökumətlərinin də məsuliyyəti var. 2001-ci ildə Nyu-Yorkdakı 11 sentyabr hadisəsindən sonra bir sıra Qərb dövlətləri terrorizmə qarşı mübarizə qanunlarını sərtləşdirdi, müəyyən ədəbiyyatlara qadağalar qoyuldu, söz azadlığı çərçivəyə salındı.
 
Britaniya vətəndaşları, “Vice News”un saxlanılan əməkdaşlarından ikisi saxlanılandan bir neçə gün sonra sərbəst buraxılıb və onlara Türkiyəni tərk etməyə imkan verilib. Onların həmkarı Məhəmməd Ismayıl Rəsul isə hələ də həbsdə saxlanılır. Milliyyətcə Iraq kürdü olan, lakin Türkiyədə yaşayan Məhəmməd Ismayıl Rəsul bir sıra media orqanları, o cümlədən “The Associated Press” və “Əl-Cəzirə” kimi populyar KIV-lərin əməkdaşı olub.
 
Keçən həftə Azərbaycanda araşdırmaçı jurnalistin 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxartdı. O, prezident İlham Əliyev və ailəsinin korrupsiyada iştirakı barədə məqalələrindən sonra həbs olunmuşdu.
 
Tərəfdarları deyir ki, ABŞ hökumətinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun əməkdaşı olan Xədicə Ismayılovaya qarşı ittihamlar neftlə zəngin keçmiş sovet ölkəsi olan Azərbaycanda fərqli fikirlilərə qarşı repressiyaların tərkib hissəsidir. BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Riad əl-Hüseyn Xədicə Ismayılovanın azadlığa buraxılması üçün çağırış edib. Həmçinin bildirib ki, Xədicə barəsində hökm Azərbaycanda müstəqil səslərə qarşı repressiyaların hələlik sonuncu nümunəsidir.
 
“Beynəlxalq Media Dəstəyi” beynəlxalq hüquq-müdafiə təşkilatının əməkdaşı Gülnarə Axundova deyir ki, Azərbaycanda qarşıdan parlament seçkiləri gəlir və belə bir məqamda hökumət istənilən tənqidə daha həssas yanaşır. Birlişmiş Ştatlar, Avropa Ittifaqı və beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycanda jurnalistlərin həbsini pislədiyini xatırladan Gülnarə Axundovanın fikrincə, yalnız hökumətə qarşı sərt diplomatiya vəziyyəti dəyişə bilər.
 
“Hesab edirəm ki, Qərbdən Azərbaycan hökumətinə real təzyiq olmasa, vəziyyət yaxşılaşmayacaq. Vəziyyəti dəyişmək üçün real sanksiyalara ehtiyac var”, – deyə Axundova vurğulayıb. azadliq /
 

Google+ WhatsApp ok.ru