Dilçi alimdən adlar lüğətinə kəskin etiraz

Axı, Kazbek adından nə üçün imtina etməliyik? Kazbek dağ adı qədim türk tayfalarından olan kasların adı ilə bağlıdır, kasların başçısı deməkdir - Qazıbəy/Qazıbek. Axı ad yaradıcılığı bizim tariximizdir, ondan necə imtina edə bilərik?!
 
Maide.az xəbər verir ki, bu sözləri tanınmış dilçi alim Şahlar Məmmədov Terminologiya Komissiyasının tərtib etdiyi yeni adlar lüğətində bəzi adların "qadağan edilmiş adlar" siyahısına daxil edilməsi ilə bağlı axar.az-a danışarkən deyib. Ş.Məmmədov yeni adlar lüğətindəki bəzi məqamlara kəskin etirazını bildirib:
 
"Sayalı Sadıqova Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 ad açıqlayıb. Onun sözlərinə görə, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.
 
Demə, siyahıdakı 217 adın hamısı gülünc səslənirmiş! Demə, Boran və Kazbek kimi adlar uşağın mənafeyinə xələl gətirirmiş, şəxsin cinsinə uyğun gəlmirmiş..."
 
Dilçi alimin sözlərinə görə, qadağan edilmiş adlar siyahısında bəzi adların əksini tapması heç bir mətniqə sığmır:
 
"Mütəxəssislər hansı prinsipə əsaslanaraq bir çox adları "yasaq adlar" siyahısına salıblar? Sözsüz ki, Traktor, Raykom, Hambal, Kolxoz, Quşdan, Məmiş, Narkom, Dilənçi kimi onlarla ad gerçəkdən uğursuz, mənasızdır və bu adların uşaqlara verilməsinə yaradılan maneəni qətiyyətlə müdafiə edirik. Ancaq elə adlar var ki, bunlar cəmiyyətin milli ad yaradıcılığına münasibətini, tarixə baxışını, milli səviyyəsini göstərir. Boran, Dalğın, Gerçək, İşıqlı, İstək, Tanıq, Tufan, Kazbek, Nuh, Tumar, Ufaq, Tükən, Ovçu kimi adlar necə gülünc səslənə bilər? Axı bu adların çoxu millidir və tariximizlə, milli kimliyimizlə bağlıdır.
 
Maraqlıdır, Bəsti, Kifayət, Yetər adları qadağan edilmir, ancaq Tükən adı yasaq edilir; Tufan, Boran adları qadağan edilir, ancaq Bulud adına münasibət bildirilmir... Axı Kazbek adından nə üçün imtina etməliyik? Kazbek dağ adı qədim türk tayfalarından olan kasların adı ilə bağlıdır, kasların başçısı deməkdir - Qazıbəy/Qazıbek, lap olsun "qazilərin başçısı". Axı ad yaradıcılığı bizim tariximizdir, ondan necə imtina edə bilərik?
 
Bu siyahını hazırlayanlar milli məsuliyyət daşıdıqlarının fərqindədirlərmi?"

Google+ WhatsApp ok.ru