`Dilmanc` tərcüməçi proqramı dünyanın 129 ölkəsində istifadə olunur

Maide.az xəbər verir ki, mobil qurğular üçün "Dilmanc Translator" proqramı istifadəçilər arasında geniş populyarlıq qazanmış milli proqram məhsullarından biridir.

"Android" və "iOS" əməliyyat sistemlərində işləyən bu proqram istifadəçiyə Azərbaycan, ingilis, türk və rus dilləri arasında tərcümə aparmağa imkan verir. Proqram həm şifahi danışığı, həm də mətni tərcümə etməyə və nəticəni səsləndirməyə imkan verir. Tək söz daxil ediləndə həmin sözün lüğətdə mənaları, nitq hissəsi, sinonimləri və s. informasiya göstərilir. Proqramın digər maraqlı imkanı isə əcnəbi ilə söhbət rejimidir. Bu rejimdə uyğun düymələr basılmaqla xarici dildə danışıq Azərbaycan dilinə, Azərbaycan dilində danışıq isə xarici dilə avtomatik tərcümə olunaraq səsləndirilir.

Tamamilə pulsuz yayılan "Dilmanc Translator" proqramı "Google Play Store" və "Apple App Store"-dan birlikdə 300 min dəfəyə yaxın köçürülüb. 2015-ci il ərzində (1 yanvar-18 noyabr) mobil qurğular üçün "Dilmanc" tərcüməçi proqramı dünyanın 129 ölkəsində 260 minə yaxın istifadəçi tərəfindən istifadə edilib.

Proqramın geniş istifadə edildiyi ilk 10 ölkə sırasına Azərbaycan, Rusiya və s. keçmiş SSRİ ölkələrilə yanaşı, Türkiyə, Almaniya, ABŞ, İran və digər ölkələr də daxildir.

Google+ WhatsApp ok.ru