Dini dükanlardakı namaz cədvəllərinə qadağa!

Paytaxtın dini dükanlarında, kitab mağazalarında satılan namaz cədvəlləri, dini təqvimlər yığışdırılır. 
 
Bu barədə musavat.com-a daxil olan məlumatda qeyd olunur ki, dövlət məmurları şəhərdəki dini dükan və kitab mağazalarına gedərək, oradakı dini təqvim və namaz vaxtlarını müsadirə edirlər. Müsadirənin hansı səbəbdən aparıldığı ilə bağlı məlumat verilmir. 
 
Satıcılara sadəcə olaraq, bu təqvimlərin qadağan edildiyi, yalnız Şamaxı Rəsədxanasının məlumatları əsasında QMİ-nin rəyi ilə hazırlanmış vahid təqvimlərin satışına və yayımına icazə verildiyi bildirilib.
 
O da qeyd olunur ki, hökumət nümayəndələri yalnız Şamaxı Rəsədxanası və QMİ-nin birgə hazırladığı təqvimlərin satıla biləcəyini, qalanlarının qadağan edildiyini bildiriblər. Xəbərdə xüsusi  vurğulanır ki, Şamaxı Rəsadxanası istisna olmaqla, digərlərinə fərq qoyulmadan Türkiyə, İran və başqa xairci ölkələrin elmi mərkəzləri tərəfindən hazırlanan bütün təqvimlər yığışdırılır.
 
Əlbəttə, bu məsələ daha əvvəldən gündəmdə olub və QMİ məscidlərə, dindarlara müraciət edərək, yalnız Şamaxı Rəsədxanası tərəfindən hazırlanmış və QMİ-nin təsdiqlədiyi cədvəldən istifadə etməyi tövsiyə edib. 
 
Ancaq problem ondadır ki, bu təqvimlərə etibar edilmir, çünki rəsədxananın hazırladığı namaz vaxtları xeyli dərəcədə hazırda istifadə olunan təqvimlərdən fərqlidir və şübhə yaratdığı üçün etimad göstərilmir. Bu səbəbdən də hökumətin birdən-birə məcburi şəkildə vahid təqvimə keçidi narahatlığa səbəb olub. 
 
İndi isə QMİ-nin tövsiyəsi ilə hökumət məcburi qaydada digər təqvimləri yığışdırır. Ancaq bu məsələnin əsas narahatlıq doğuran məqamı gələn ildən məscidlərin də məcburi şəkildə rəsədxana təqvimi əsasında namaz qıldırmasıdır. 
 
Çünki qeyd etdiyimiz kimi, Şamaxı Rəsədxanasının hazırladığı cədvəllərdə namaz vaxtları dəqiq olmur, bu isə dindarlar arasında rəsədxananın hazırladığı cədvəllərə etimadsızlığa səbəb olub. 

Google+ WhatsApp ok.ru