Dini zəmanəyə uyğunlaşdırmaq olarmı?

İlham Əliyev

Dini zəmanəyə uyğunlaşdırmaq olarmı?


Bislmillahir-rəhmanir-rəhim
 
Bəzən belə bir sual verirlər: “Dini zəmanəyə uyğunlaşdırmaq olarmı? Cavab müsbət olduğu təqdirdə İslamın sabit qayda-qanunlarıyla dinamik surətdə inkişaf edən, haldan-hala düşən dünyanı idarə etmək olarmı.”
 
Bəli, dini zəmanəyə tətbiq etmək mümkündür. Və bu dünyanı da müqəddəs islam qayda-qanularıyla idarə etmək mümkündür. İslam dini sonuncu səmavi din olduğu üçün qiyamətədək insanların bütün maddi və mənəvi ehtiyaclarına cavab vermək iqtidarındadır. Elə bir problem, sual yoxdur ki, islamın o barədə cavabı olmasın və çıxış yolu göstərməsin. İslamın gəlişindən də məqsəd məhz budur ki, bəşəriyyətə əbədi xoşbəxtlik yolunu göstərsin. Bəşəriyyətin əbədi xoşbəxtliyini təmin edən din insanların bütün ehtiyaclarına cavabdeh olmalıdır. İnsanın ehtiyaclarına nəzər salıb diqqət etdikdə insanın ehtiyaclarının iki növ olduğu görünür.
 
Birinci növ, ilkin və bəşəriyyətin cismani, ruhani quruluşundan və ictimai yaşayış tərzindən irəli gəlmiş ehtiyaclardır. Nə qədər ki, insan insandır və yaşayışı zatən ictimai yaşayışdır, bu növ ehtiyaclar da olmalıdır. Cismani ehtiyaclar: yeyib-içmək, istirahət etmək; Ruhi ehtiyaclar: elm, gözəllik, sitayiş, tərbiyə; İctimai ehtiyaclar: ədalət, azadlıq, bərabərlik, ailə qurmaq və s. Kimi ehtiyaclardır. İnsan dünyaya gələn gündən bu kimi ehtiyaclar onunla olub, həqiqətdə onunla birlikdə dünyaya qədəm qoyublar. Və nə qədər ki, dünyada insan var bu qisim ehtiyaclar onun kənarında sabit, daimi olaraq qalacaq.
 
İkinci növ ehtiyaclar isə həqiqətdə bəşəriyyətin özü xəlq etdiyi zaman, mühit, ictimadan irəli gələn ehtiyaclardır. İnsanın qanuna olan ehtiyacı kimi. Sözsüz ki, bu qisim ehtiyaclara cavab verə biləcək qayda-qanunlarda zaman-mühit nəzərə alınmalı və hər bir zəmanənin, mühitin özünə uyğun qanun qəbul olunmalıdır. 
 
Bəşəriyyətin təkamülünü nəzərə alaraq insanların bu qisim ehtiyaclarını qeyri-sabit olduğundan qeyri-sabit qayda-qanun tələb olunur. Bu kiçik müqəddimədən sonra sualın cavabına nəzərinizi cəlb edirik. 
 
Müqəddəs İslam dininin hökmləri iki qisimdir: sabit və qeyri-sabit. İnsanın qeyd olunan sabit ehtiyaclarına aid olan qayda-qanunlar İslam dinində sabit əbədi olaraq dəyişilməz qayda-qanunlardır. Çünki bu baxımdan 20-21-ci əsrin insanlarıyla min dörd yüz il bundan əvvəlki insanlar arasında heç bir fərq yoxdur. Amma insanların ikinci növ olan qeyri-sabit ehtiyaclarına gəldikdə isə müqəddəs islam dini onlar üçün sabit çərçivələr, ana xətlər təyin etmişdir ki, hər bir yeni hadisə yeni zəmanədə təyin edilmiş çərçivədə öz həllini tapmalı və zəmanəyə uyğun hökmü verilməlidir. Məsələ daha aydın olsun deyə bu misala diqqət edin.
İslam düşmən nüfuzunun qarşısını alaraq ərazi bütövlüyünü qorumaq üçün xüsusi göstəriş verməyib. Gərək mövcud olan vəziyyəti, zəmanəni nəzərə alaraq zəmanəyə uyğun tədbir görülməlidir. Bu baxımdan Qurani-Kərimdə müsəlmanlar üçün bu zəmində ana xətt çəkərək çərçivəni müəyyən etmişdir. “Ənfal” surəsinin 60-cı ayəsində buyurur: “Gücünüz çata biləcək həddə düşmənlərin müqabilində güclü olmağa hazırlaşın”.
Əgər bu ayənin təfsirində at çapmaq, ox atmaq tövsiyə olunubsa, səbəbi budur ki, o zamanlarda at çapmaq, ox atmaq hərbi xidmətlərdən hesab olunurdu. İslam baxımında hədəf ata minib ox atmaq deyil. Hədəf budur ki, müsəlmanlar öz zəmanələrinə uyğun düşmən müqabilində son mümkün həddədək güclü olmalıdırlar. (Əlbəttə bunu da nəzərdən qaçırmayaq ki, qeyri-sabit hökmləri sabit hökmlərdən istinbat (çıxarış) etmək səlahiyyəti yalnız ali dini orqanların ixtiyarındadır. Başqa şəxslərin bu sahədə nəzər verməyə haqları yoxdur.)

Google+ WhatsApp ok.ru