Dinsiz mömin kimdir?

Dinsiz mömin kimdir?

 Əziz Peyğəmbərimizdən (s) nəql olunmuş bir rəvayətdə belə buyurulur:

إِنَّ اللهَ لَيُبْغِضُ الْمُؤْمِنَ الضَّعِيفَ الَّذِي لاَ دِينَ لَهُ. فَقِيلَ: وَمَا الْمُؤْمِنُ الضَّعِيفُ الَّذِي لاَ دِينَ لَه؟ قَالَ: الَّذِي لاَ يَنْهَى عَنِ الْمُنْكَرِ

Allah dini olmayan zəif mömini düşmən bilər.Həzrətdən soruşulur: “Dini olmayan zəif mömin kimdir?Buyurur: Pislikdən çəkindirməyən (nəhy əz münkər etməyən) şəxs.” (“Biharul-ənvar”, c. 72, səh.228, hədis 4, bab 112.)

Doğrudan da “dini olmayan mömin” təbiri maraqlı görünür. Axı necə ola bilər ki, insan eyni zamanda həm mömin olsun, həm də dindən məhrum qalsın? Həzrət nəzərə çatdırır ki, bunun sirri həmin şəxsin pisliyə qadağa qoymamasındadır.

Pisliyə qadağa qoymayan müsəlmanın imanı zəifdir. Bu vəzifədən uzaqlıq onu bütün məsuliyyətlərdən kənarda saxlamışdır. O, başqalarının fəsad və günahını gördükdə susur, heç bir reaksiya göstərmir. Belə bir imanın imansızlıqla bir o qədər də fərqi yoxdur. Çünki Allah və İslama imanı olmayanlar da belə rəftar edirlər.

Əlbəttə ki, gizlində edilən günah fərqlidir. Söhbət aşkar günahdan gedir. Bazar və parklarda tez-tez bu sayaq günahlarla rastlaşırıq. Bunların yanından biganə ötmək bir növ razılıq əlamətidir.

Allahın hökmləri Onun namusudur. Əgər bir şəxsin namusuna təcavüz olunsa, o, sakit dayanarmı? Qeyrətli insanlar heç vaxt öz namusuna təcavüzə göz yummur. Bəs necə ola bilər ki, mömin insanın gözü qarşısında Allahın hökmləri, namusu ayaq altına atılsın? Mömin belə məqamlarda aram dayana bilmir. Bəzən möminlər belə səhnələrlə rastlaşdıqda, uzaq başı “subhanəllah” deyərək ötüb keçir və vəzifələrini yerinə yetirilmiş sayırlar.

Günah qarşısında sakit dayanmaq asan iş deyil. Əgər dəqiq təhlil etsək, günah və Allah qanunlarının ayaq altına atılması müqabilində sükut etməkhəmin işlərlə razılıqdır; bu isə Allahla düşmənçilik deməkdir. İmam Sadiq (ə) buyurur:

إِذَا رَأَى الْمُنْكَرَ وَلَمْ يُنْكِرْهُ وَهُوَ يَقْوَى عَلَيْهِ فَقَدْ أَحَبَّ أَنْ يُعْصَى اللهُ وَمَنْ أَحَبَّ أَنْ يُعْصَى اللهُ فَقَدْ بَارَزَ اللهَ بِالْعَدَاوَةِ

Əgər bir müsəlman bir pis işi görsə gücü çatdığı halda onun qarşısını almasa, həqiqətən, bu işin görülməsi onu sevindirir. Allaha qarşı günahla razılaşan insan, heç şübhəsiz, Allahla düşmənçiliyə qalxmışdır.” (“Biharul-ənvar”, c.70, səh.303, hədis 15, bab 57.)

Allahın qoyduğu hədlərin pozulması ilə razılaşan insan Allahla aşkar düşmənçilik etmirmi? Şərait yarandığı halda, pis işdən çəkindirməyənlər Allahla aşkar düşmənçilik edir. Günahla üzbəüz dayanıb susmaq haqqımız yoxdur. Hökmən narahatlığımızı bildirməli və həmin vəziyyəti dəyişmək üçün addım atmalıyıq.

İslam dini öz ardıcıllarının məsuliyyətli olmasını, günah qarşısında biganə dayanmamasını tələb edir. Bütün cəmiyyətə belə bir ruhiyyənin hakim olması İslamın amalıdır. Hər bir mömin özü dini vəzifələrinə əməl etməklə yanaşı, başqalarının da bu vəzifələrə biganə qalmamasına çalışmalıdır. Allahın qoyduğu hədlərə hörmət hamının vəzifəsidir. Bu istiqamətdə insan özü ilə başqaları arasında fərq qoymamalıdır. İnsan özü bu hədləri gözləməklə yanaşı, başqalarının da bu hədlərə təcavüzündən narahat olmalıdır. Əgər insan ətrafa belə bir münasibətdə olmasa, Peyğəmbər (s) onu dini olmayan zəif mömin sayır. Əsl mömin məsuliyyət hiss etməli, Allah hədlərinin pozulmasına biganə qalmamalıdır. Çoxları ibadət edir, amma başqalarının dinə münasibəti onun üçün fərqsizdir. Peyğəmbərlərin əsas məqsədlərindən biri Allah bəndələrində belə bir məsuliyyət hissi yaratmaq olmuşdur. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh. 280-282.)

Maide.az

Google+ WhatsApp ok.ru