Distant təhsil ənənəvi tədrisi əvəz edə bilməz - Ekspert

Distant təhsil ənənəvi tədrisi əvəz edə bilməz - Ekspert

COVID-19 pandemiyasının ən çox təsir etdiyi sahələrdən biri təhsildir. Ölkədə karantin rejimi tətbiq ediləndən sonra həm şagirdlər, həm də abituriyentlər tədrisi onlayn rejimdə davam etdirmək məcburiyyətində qaldılar.
 
Təbii ki, ən əsas məqam abituriyentlərin repetitor yanına gedə bilməməsi ilə bağlıdır.
 
Növbəti tədris ilindən abituriyentlərin sayı az olmaqla repetitor fəaliyyətinin bərpasına icazə verilib.
 
Maraqlıdır, qaydalar necə tənzimlənəcək?
 
Ümumiyyətlə, distant təhsilin keyfiyyəti bizə nə verir?
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Modern.az-a bu və digər məsələlərlə bağlı danışıb.
 
Təhsil eksperti bildirib ki,  gözləmədiyimiz, bununla belə üzləşdiyimiz arzulanmaz hal olan pandemiya şəraitində nəyin effektiv olması, nəyin effektiv olmaması məsələsini mübahisələndirmək o qədər də düzgün olmazdı:
 
 
“Heç bir texniki vasitə canlı ünsiyyəti əvəz edə bilməz”
 
 
“Bu istər, tədris kursları ilə, istər repetitorluq ilə, istərsə də ümumiyyətlə bütövlükdə tədris prosesi ilə bağlı məsələ olsun. Baxmayaraq ki, bununla bağlı müəyyən cəhdlər edilir. Əlbəttə, istəsək də, istəməsək də danılmaz faktdır və bunu qəbul etmək zorundayıq ki, distant dediyimiz məsafədən təhsil üz-üzə, yəni ənənəvi hesab etdiyimiz təhsili əvəz edə bilməz. Başqa sözlə, əksər mütəxəssislərin də qəbul etdiyi kimi heç bir texniki vasitə, digər yüksək texnologiyalar, insanlararası canlı ünsiyyəti əvəz edə bilməz. Bununla belə sosia-iqtisadi həyatın bütün sahələrində olduğu kimi pandemiya təhsil sferası üçün də bir çağırış oldu və bu mənada, təhsilimiz də bütün çağırışlara hazır olmalıdır və bu hazırlıqla əlaqədar bütün mümkün olan işlər görülüb və görülməkdədir”.
 
“Seçim valideynin və kurs müdaviminindir”
 
 
Nadir İsrafilovun sözlərinə görə, onlayn hazırlıq məsələsində seçim valideynin ixtiyarındadır:
 
“Onunla da razılaşmalıyıq ki, istər repetitorluq, istərsə də tədris kursları olsun, bunlar artıq minlərlə insanın peşə fəaliyyəti sahəsinə çevrilib və geniş təhsilalan və təhsil verən şəbəkəsini əhatə edir. Bu baxımdan, bu fəaliyyət sahələri də diqqət mərkəzindən kənar qala bilməz, şəraitə, sanitar-epidemioloji şərtlər gözlənilməklə fəaliyyətlərini davam etdirməlidirlər. Əlbəttə hadisələrin sonradan necə cərəyan edəcəyindən asılı olaraq, onların da fəaliyyətində müəyyən korrektivlər aparıla bilər və aparılmalıdır. Ən başlıcası isə mövcud vəziyyət öyrənilib, müvafiq araşdırma və təhlillər aparılıb, əlaqədar qurumların tövsiyyələri və ümumi ictimai rəy nəzər alınıb, vəziyyətə uyğun ssenarilər hazırlanıb, baş verə biləcək proseslər çiddi nəzarət altındadır. O ki, qaldı onlayn hazırlıq kurslarının nə dərəcədə effektiv olub olmamasına, bu nə Təhsil Nazirliyinin səlahiyyəti, nə də digər hüquqi və ya fiziki şəxsin subyektiv münasibəti ilə tənzimlənən məsələ deyil. Seçim valideynin və kurs müdaviminindir. Hesab etdikləri kimi, vəziyyəti dəyərləndirə və seçimlərini edə bilərlər”.
 

Google+ WhatsApp ok.ru