DİL VƏ DANIŞIQ – ZAHİR VƏ BATİNİN AYNASI

DİL VƏ DANIŞIQ – ZAHİR VƏ BATİNİN AYNASI

Allahın insana bəxş etdiyi nemətlər içərisində dil tükənməz bir xəzinədir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də insanın kamilləşməsində böyük rol oynayan ilahi sərvətdir. Məhz bu sərvətdən səmərəli istifadəni bacaran insan kamillik zirvəsinə yüksələ bilər. Uca Rəbbimiz Qurani-Kərimin “Ər-rəhman” surəsinin 1-4-cü ayələrində buyurur:

الرَّحْمنُ عَلَّمَ الْقُرانَ خَلَقَ الْاِنْسانَ عَلَّمَهُ الْبَيانَ

Rəhman (mərhəmətli olan Allah Öz Peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı öyrətdi.

Dil kiçik bir üzv olsa da, insanın daxili aləminin təzahürüdür. Yalnız onun vasitəsilə fikirlər bölüşür, hisslər paylaşılır, vüsal yaşanır, hicran yaranır. Eyni zamanda, dil insanlar arasında müxtəlif hadisələrin baş verməsində, cinayətlərin törədilməsində, habelə böyük sülh müqavilələrinin imzalanmasında əvəzsiz rol oynayır. Dil, hətta insanın sağlamlığında da böyük əhəmiyyət daşıyır.

Söz mülkünün soltanı imam Əli (ə) necə də gözəl buyurmuşdur: “Bilin ki, dil insanın bir hissəsidir. İnsan söhbət etməkdən çəkinərsə, dil danışmaq qüdrətinə yetişməz. Belə davam edərsə, insan danışmaq istədiyi halda belə, dil ona fürsət yaratmaz.” (“Nəhcül Bəlağə”, Sübhi Saleh, səh.354, qısa kəlamlar 233.)

Dil insanı söz vasitəsilə meraca aparır, ilahiləşdirir, əbədiləşdirir, insana ölməzlik bəxş edir. İnsan dilini xoş sözlərlə zənginləşdirməli, dilinə hakim olmağı bacarmalıdır. Əks-təqdirdə, dil insanı günahlara düçar edər, istər Allah-Taala, istərsə də insanlar tərəfindən bəyənilməyən vərdişlərə sövq edərək onu cəmiyyətdə rəzalət sahibinə çevirər.

Dilin zinası bihudə danışmaqdır. Allah-Taalanın hüzuruna layiq sözlər danışan, Onun xəlq etdiklərini doğru yola yönəltmək məqsədilə adını dilə gətirən, vahidliyinə şəhadət verən, Ondan başqaları üçün bağışlanma diləyən və bu kimi digər gözəl əməllərlə zəngin olan bir dil, təbii ki, öz sahibinin insanlıq dəyərlərini yüksəldər, təqvasını artırar və onu hər iki dünyada ən ali məqam sahibi edər. İmam Əli (ə) buyurur: “Biz sözümüzün ağasıyıq. Söz bizim batinimizdə kök salaraq, zahirimizə kölgə salmışdır.” (“Nəhcül Bəlağə”, Sübhi Saleh, səh.354, qısa kəlamlar 233.)

Həqiqətən, sözün dəyəri onun faydası ilə ölçülür. Baş verən narazılıqlar və xoşagəlməz hadisələrin nüvəsində bihudə və dəyərsiz sözlər dayanır.

İnsanın dili onun qəlbi ilə vəhdət təşkil edir. Bu səbəbdən, pak, sağlam və dərrakəli qəlbə malik olmaq hər bir insan üçün labüddür. Məhz bu tip insanlar həlakətdən qorunub, dil və əməl birliyinə sahib ola bilərlər. Həqiqətən də, doğru söz bir növ dava-dərmana, batil və nahaq söz isə üzücü “xəstəliyə” bənzəyir.

Əxlaqi bəhslərdə dil və danışıq qəlbin aynası, əqlin nümayəndəsi, insan şəxsiyyətinin açarı və ruha açılan mühüm qapı kimi yüksək əhəmiyyət daşıyır. Başqa sözlə, ruh aynasında görünənlər (düşüncə və hisslər) dil və danışıqda aşkar olur. Əgər keçmişdə təbiblər orqanizmin səhhətini xəstənin dili ilə müayinə edirdilərsə, müasir psixoloqlar əksər hallarda psixoloji gərginlikləri insanların danışıqlarında arayıb-axtarırlar! Əxlaq alimləri də məhz dil və danışığın islahına xüsusi əhəmiyyət verir, onun islahını ruhi təkamül, fəzilət və əxlaqi səciyyə hesab edirlər. Əhli-beytdən (ə) nəql olunan hədislərdə də bu mövzu qısa və diqqəti cəlb edən təbirlərlə açıqlanır. İlahi hikmət sahibi və təqvalılar ağası imam Əli (ə) buyurur: “İnsanın şəxsiyyəti onun dilinin altında gizlənib. Bu səbəbdən sözünü ölçüb-biçdikdən sonra elm və mərifətinlə bəyan et. Əgər deyəcəyin sözü Allaha xatir və Allah adından danışacaqsansa, dilə gətir, belə deyilsə, sükut etmək daha faydalıdır.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, c.9, səh.29, hədis 10120.)

İmam Sadiq (ə) də buyurur: “Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili düzəlməyincə də qəlbi düzəlməz!” (“Biharul-ənvar”, c.75, səh.262 və “Məhəccətül-beyza”, c.5, səh.193.)

Təəssüflər olsun ki, dil digər bədən üzvləri ilə müqayisədə insanlara daha çox bəla gətirir və onları günaha sürükləyir. Eyni zamanda, dil fəaliyyət göstərmək üçün zaman və məkan tanımır.

Ümumiyyətlə, dil yalan, qeybət, töhmət, böhtan, məzəmmət, istehza və digər bu kimi “xəstəlik”lərin məkanıdır. Onu da qeyd edək ki, acı sonluqla nəticələnən bu xəstəliklərin müalicəsi çox çətin və ağırdır. Bu tip xəstəliklər imanı azaldır, qəlbi küfrə qərq edir, iradəni qırır, bir sözlə, insanın daxili aləmini məhv edir.

İmam Zeynəlabidin (ə) buyurur: “İnsanın dili hər sübh çağı bütün üzvlərə baş çəkərək soruşur: “Necə gecələdiniz?” Üzvlər cavab verirlər: “Sən bizi öz öhdəmizə buraxsaydın, çox yaxşı!” Bu zaman onlar dili and verərək ona deyirlər: Allahdan qorx. Çünki biz yalnız sənə görə cəza və ya mükafat alırıq.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, c.9, səh.29, hədis 14.)

Bir sözlə, islami hədislərdə dil və danışıq zahir və batinin aynası, bütün xeyir-şərin açarı adlandırılır və insanlara dillərini qorumaq məsləhət görülür. (“İlahi əxlaq”, Ayətullah Müctəba Tehrani, səh.5-7; “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.49-50.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru