ÜDM-də azalma narahatlıq yaradır

ÜDM-də azalma narahatlıq yaradır

"Novoye Vremya" qəzetində isə diqqəti "İqtisadiyyatda həyəcan siqnalı" sərlövhəli məqalə cəlb edir.
 
Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1 faiz azalıb. Müəllif bunu narahatlıq doğuran amil sayır.
 
Yazıda xatırladılır ki, 2016-cı ildə ÜDM 4 faizə yaxın azalıb:
"Əgər ölkə iqtisadiyyatı bu sürətlə kiçilsə, bu il də ÜDM-in azalması 3 faizə çatacaq. Bu sırada sənaye istehsalının əhəmiyyətli şəkildə azalması narahatlıq yaradır".
 
Müəllif rəsmi statistikaya istinadən vurğulayır ki, bu ilin 7 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə sənaye istehsalı 5.4 faiz azalıb:
"Göründüyü kimi, neft sahəsindəki böhran özünü hər yerdə göstərir. ÜDM, bank sektoru, sənaye istehsalı, kəsirli büdcə və iqtisadiyyatın bütün qeyri-neft sektoru əziyyət çəkir".
 
Müəllif diqqəti rəsmi statistikaya görə, 25 min iş yerinin bağlanmasına da çəkir:
"İkiqat devalvasiya, nağd valyuta çatışmazlığı və iqtisadi böhran daha çox biznesi vurub. Yüzlərlə obyektlər bağlanıb, sahibkarlar isə müflisləşiblər. Bütün bu müddət ərzində durum yaxşılaşmayıb. Halbuki, biznesin inkişafı ÜDM-in və sənaye istehsalının artmasına dəstək ola bilərdi. Ölkədəki biznes mühiti nə yerli işgüzar şəxslərdə, nə də xarici investorlarda nikbinlik yaradır".
 
Müəllifin fikrincə, əgər yerli iş adamları vəsaitlərini ölkədən çıxarıb xaricə yatırıblarsa, ÜDM-in azalması yox, artması təəccüblü olardı:
"Başqa sözlə, neftin qiymətinin kəskin enməsiylə başlayan iqtisadi böhran iqtisadiyyatın bütün sahələrinə mənfi təsirini göstərir və real islahatlar başlamayana kimi bu davam edəcək". /

Google+ WhatsApp ok.ru