Dünya Ərzaq Proqramı: “Yəməndə 12 milyon insan aclıqdan ölə bilər”

Dünya Ərzaq Proqramı: “Yəməndə 12 milyon insan aclıqdan ölə bilər”

BMT-nin Yəməndəki humanitar yardım koordinatoru Liza Qrandi Yəmənin son əsrin ən böyük qıtlıq fəlakəti ilə üzləşdiyini deyib.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, yaxın aylarda Yəməndə 12-13 milyon günahsız insanların aclıqdan ölmə təhlükəsilə qarşılaşacaqlarını deyən Qrandi, sözlərini belə davam etdirib: “Güman edirəm ki, bir çoxumuz 21-ci əsrə daxil olduğumuzda əvvəllər Efiopiya, Benqal və ya SSRİ-nin bəzi regionlarında gördüyümüz qıtlıqların oxşarlarını görməyin qeyri-mümkün olduğunu düşünürdük. Bir çoxumuz bunun bir daha olmayacağı məsələsində əmin idi, ancaq Yəməndə gördüyümüz reallıq elə məhz budur. 12-13 milyon günahsız insanın aclıqdan ölmə riski ilə qarşılaşacağı bir vəziyyəti nəzərdə tuturuq.
 
Bəşəriyyət bu vəziyyətdən utanmalıdır. Bəli, utanmalıyıq və hər gün qalxanda əzab çəkən bu insanlara yardım etmək və bu böhranı sona çatdıqmaq məsələsində əlimizdən gələni etmək öhdəliyimizi yada salmalıyıq”.
 
Qrandi Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Ənsarullahın nəzarəti altındakı Hudeyda şəhərinə tətbiq etdiyi blokadaya son qoymasını da tələb edib.
 
Bu arada, BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) Yəməndə 2.2 milyon uşağın intensiv qeyri-kafi qidalanma problemindən əziyyət çəkdiyini açıqlayıb.
 
UNİCEF hesabatında, Yəməndəki qarşıdurmaların 4-cü ilinə yaxınlaşdığını xatırladılaraq, ölkədə humanitar vəziyyətin gündən-günə pisləşdiyini qeyd edib.
 
Hesabatda, ölkədəki səhiyyə sisteminin dağıldığı, səhiyyə mərkəzlərinin yarısından çoxunun fəaliyyətini dayandırdığı, əməkdaşlarının da bir neçə ildir maaşlarını ala bilmədiyi qeyd olunub.
 
Ölkədə bir neçə həftədir vəba virusu yoluxmalarında artımın baş verdiyi qeyd edilən hesabatda, həmçinin bu vəziyyətin ölkədəki ərzaq çatışmazlığının genişlənməsi ilə yanaşı, üçüncü bir epidemiya dalğası ehtimalını özü ilə birgə gətirdiyi qeyd olunub.
 
27 milyondan artıq əhaliyə malik Yəməndə 16.37 milyon insanın əsas səhiyyə xidmətlərinə ehtiyacının olduğu qeyd olunan hesabatda, belə bildirilib: “Yəməndə, təxminən 2.2 milyon uşaq qeyri-kafi qidalanma problemindən zəiyyət çəkir. Bu uşaqların təcili qayğıya ehtiyacı var. Bu uşaqlardan şiddətli kəskin qeyri-kafi qidalanma problemi olan 400 min nəfərə isə təcili yardım edilməzsə, ölə bilərlər”.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində və humanitar yardımın əngəllənməsi səbəbindən ölkədə kütləvi xəstəliklər hökm sürür.
 

 

Google+ WhatsApp ok.ru