Dünyada ilk dəfə olaraq sürücüsüz şəhərətrafı avtobus sərnişin daşımağa başladı

8 km/saat sürətlə hərəkət edən və sürücüsüz nəqliyyat vasitəsi olan Niderlandın 6 nəfərlik "WePod" şəhərətrafı avtobusu ilə dünyada ilk dəfə olaraq ictimai nəqliyyat xətlərində sərnişin daşımasına icazə verilib.
 
Hazırda belə avtobuslardan biri Vaqeninqen şəhərində hərəkət edir.
 
Maide.az "ICTnews"a istinadən xəbər verir ki, sözügedən layihənin tərəfdarları iddia edirlər ki, dünyadakı nəqliyyat yollarında bir çox avtomatlaşdırılmış nəqliyyat vasitələrinin olmasına baxmayaraq, "WePod" avtobusu ictimai nəqliyyat xətlərində tamamilə avtomatik rejimdə və sürücüsüz hərəkət edən ilk nəqliyyat vasitəsidir.
 
Xatırladaq ki, "WePod" layihəsi üzərində işlərə ötən ilin iyununda başlanılıb. Layihənin son məqsədi Ede-Vaqeninqen dəmiryol stansiyası, avtobus stansiyası və Vaqeninqen Universitetinin Elmi-tədqiqat mərkəzi arasındakı 6 km marşrut üzrə sərnişinləri daşıyacaq nəqliyyat sisteminin yaradılmasıdır.
 
Gələcəkdə dünyada ilk sürücüsüz şəhərətrafı nəqliyyat vasitəsinin hərəkət sürətini saatda 25 km-ə çatdırmaq planlaşdırılır.

Google+ WhatsApp ok.ru