Dünyada neftə tələbat artır – nəticə necə olacaq...

Dünyada neftə tələbat artır – nəticə necə olacaq...

Ekspert: “İlin sonunda neftin qiyməti bir barel üçün 50 ABŞ dollarından aşağı proqnozlaşdırılır”
 
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2017 və 2018-ci ildə dünyada neftə olan tələbat üzrə proqnozunu artırıb.
Təşkilatın yaydığı xəbərə görə, iyul ayındakı hesabatdan fərqli olaraq OPEC avqust ayında açıqladığı hesabatda 2017 və 2018-ci ildə dünyada neftə olan tələbatın artacağını bəyan edib.
 
OPEC-in hesablamalarına əsasən, 2017-ci ildə dünyada neftə olan gündəlik tələbat 96,5 mln. barel təşkil edəcək ki, bu da iyuldakı proqnozlardan bir qədər çoxdur.
 
Belə ki, OPEC-in iyul ayındakı hesabatında bu göstərici 96,4 mln. barel proqnozlaşdırılıb. Proqnozun yüksəldilməsi bu ilin I yarısında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə neft istehlakının artması səbəb olub.
 
Təşkilatın mütəxəssisləri hesab edir ki, 2018-ci ildə neftə olan tələbat gündəlik 97,8 mln. barel olacaq. Bu isə iyuldakı göstəricidən 0,2 mln. barel çoxdur.
 
Ekspertlər bildirir ki, hər il yay aylarında dünya bazarında neftə olan tələbat artır. Bu isə qiymətə və gələcəklə bağlı proseslərə təsir etmir. Ekspertlərə görə neftin növbəti aylarda qiyməti bir sıra iqtisadi faktorlardan asılıdır. Hazırkı məqamda isə qara qızılın qiyməti heç də stabil deyil. Məsələn, son göstəricilərə görə, avqustun 14-də ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,09 dollar və ya 0,17% azalaraq 52,01 dollar olub. Halbuki, ötən həftələrdə neftin qiyməti bahalaşmışdı. Buna görə də bir sıra ekspertlər neftin qiyməti ilə bağlı proqnozlar verərkən, daha uzun müddətli zamanı əhatə edən təhlillər aparır.
 
İqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirib ki, növbəti aylarda neftə olan tələbat azalacaq: “Adətən yay aylarında xüsusilə də qlobal səviyyədə yay turizmi ilə əlaqədar olaraq neftə olan tələbat yüksəlir. Bu, avqust ayında da davam edəcək. Ancaq böyük ehtimalla sentyabr və sonrakı aylarda artıq tələbatda yenidən azalmalar baş verəcək. Düşünürəm ki, bu müddət ərzində tələbatın azalması neftin qiymətinə də öz təsirini göstərəcək. Digər faktorlarla yanaşı burada ABŞ-da yeni qazılan neft quyularının sayı və gündəlik istehsalın həcmi, eyni zamanda OPEC-ə daxil olan ölkələrin razılaşma sazişinə hansı formada əməl etməsi kimi faktorların da təsiri olacaq. Bundan əlavə Venesuela, Liviya, İran, İraq kimi ölkələrin də istehsallarının həcmindəki dəyişikliklər bazarda öz effektini verəcək. Ancaq düşünürəm ki, bu müddət ərzində ümumi təklifin həcmində artım baş verəcək. Bunun əksinə olaraq tələbin həcmində isə azalma müşahidə olunacaq. Son nəticədə proqnoz olaraq demək olar ki, ilin sonunda neftin qiyməti bir barel üçün 50 ABŞ dollarından aşağı olacaq. Təklifdə ciddi addımlar qeydə alınarsa və eyni zamanda ABŞ-da gündəlik istehsalın həcmində, rezervlərin yer dəyişməsində və sairə kimi məqamlarda artımlar baş verərsə, hətta neftin qiyməti qısa müddətli dövr üçün olsa belə 45 ABŞ dollarından aşağı düşəcək”.
 
Ekspert belə olduğu halda manatı nələrin gözləyəcəyindən də danışıb:
“Bu proseslərin düşünürəm ki, manata birbaşa təsiri olmayacaq. Ancaq təbii ki, neftin ucuzlaşmasının manata psixoloji təsirləri mümkündür. Çünki faktiki olaraq neft valyutasının birbaşa bazarlara daxil olması mexanizmi yoxdur. Bu, sadəcə olaraq vergi ödənişləri və sairə bu kimi xərclər timsalında ortaya çıxır. Neft gəlirləri Neft Fondunda toplanır və daha sonra büdcə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə bazarlarda konvertasiya olunur. Ona görə də müəyyən qədər qısa müddətli dövr üçün psixoloji təzyiqlər yarada bilər. Lakin düşünürəm ki, tələb və təkliflər ciddi şəkildə maliyyə bazarlarında təzyiq göstərmədiyi üçün ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişikilik olacağını söyləmək doğru olmaz. Ümumiyyətlə isə avqustun sonu, sentyabrın əvvəlində, eyni zamanda ilin sonunda valyuta bazarlarında daxili tələbatın artması nəticəsində müəyyən qədər manatın məzənnəsi də ucuzlaşa bilər. Neftin qiyməti ilə bağlı məsələyə gəldikdə bunun manata birbaşa təsiri olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, 2017-ci ilin artıq 7 ayında həm ticarət balansında, həmçinin də ölkənin tədiyyə balansında müsbət profisit var. Yəni təxminən 1.8 milyard ABŞ dolları həcmində ticarət saldosunda müsbət profisit müşahidə olunub. Bunun özü də növbəti dövrlərdə ölkədə məzənnə sabitliyini qorumaq üçün həm hökumətin, həm də Mərkəzi Bankın əlində müəyyən qədər əhəmiyyətli faktordur ki, böyük ehtimalla bundan da istifadə olunacaq”.
Rəşad Həsənov dünyada yaşanan iqtisadi böhranın başa çatması ilə bağlı səslənən proqnozlara və bunun ölkəmizə təsirlərinə də toxunub:
 
“Deməzdim ki, bu proseslərin Azərbaycana ciddi təsirləri olacaq. Ancaq hazırda qlobal iqtisadi böhranın başa çatması təbii ki, son nəticədə Azərbaycanın ticarət tərəfdaşlarına, xüsusilə də region ölkələrində müəyyən qədər həm iqtisadi, həm də maliyyə sabitliyini şərtləndirməklə məzənnə sabitliyinə dəstək verə bilər. Məzənnə sabitliyi isə Azərbaycanda manatın məzənnəsinin qorunması üçün hökumətin əlində əlavə alətlərin formalaşmasına şərait yaradar. Ümumilikdə yanaşanda Azərbaycandakı proseslər birbaşa olaraq neftin qiyməti ilə bağlı olan proseslərdir. İqtisadi böhranın başa çatması, indikatorların güclənməsinə baxmayaraq, neftin qiymətində ciddi artımlar baş vermir. İqtisadi inkişafda qlobal səviyyədə ciddi artım dinamikası baş verərsə, bu, neft bazarlarında tələbin nisbətən artmasına gətirib çıxara bilər ki, nəticədə neftin qiyməti müəyyən qədər yüksələr. Bu məqam Azərbaycana da təsir edər. Faktiki olaraq bu gün isə biz neft bazarlarında karbohidrogen resurslarına olan tələbatın iqtisadi problemlərin həllindən sonrakı vaxtda ciddi artımını müşahidə etmirik. Bu isə o deməkdir ki, hələlik Azərbaycan özünün qeyri-neft sektorunu inkişaf etdirib, neftdən asılılığını azaldana qədər bu kimi problemlərlə üzbəüz qalacaq. Az da olsa qlobal səviyyədə tələbin yüksəlməsi həm Azərbaycanda istehsal olunan məhsulların ixracı, həm də manatın məzənnəsinin sabitliyini qorumaq baxımdan müsbət simptomlar yarada bilər”. /

Google+ WhatsApp ok.ru