Dünyada orta temperatur üç dərəcədən çox arta bilər

Dünyada orta temperatur üç dərəcədən çox arta bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperatur əsrin sonunadək 3°C-dən çox arta bilər.

 
Hesabata görə, koronavirus pandemiyasının yaratdığı iqtisadi tənəzzül nəticəsində bu il karbon qazı tullantılarının 7 faiz azalacağı gözlənilir. UNEP-in icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, 2020-ci ildə gözlənilən emissiya azalması 2050-ci ilədək qlobal istiləşməni yalnız 0,01°C aşağı salacaq.
 
O, həmçinin istixana qazı tullantılarının 2019-cu ildə maksimum həddə çatdığını və cari ilin müşahidə tarixində ən isti olacağını bildirib. “Buzlaqlar görünməmiş sürətlə əridiyi bir vaxtda meşə yanğınları, fırtına və quraqlıqlar xaos yaratmaqda davam edir”, - deyə İ.Andersen sözlərinə əlavə edib.
 
Hesabatda vurğulanıb ki, pandemiyadan sonrakı “yaşıl” bərpa tədbirləri istixana qazı tullantılarının 2030-cu ilədək 25 faiz azalmasına səbəb ola bilər. Bununla yanaşı, “yaşıl” bərpa tədbirlərinin dünyanın Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş 2°C-yə yaxınlaşmasına zəmin yaradacağı bildirilir./Azertac/
 

Google+ WhatsApp ok.ru