Dünyada qızılca yayılır

Dünyada qızılca yayılır

Dünyada qızılcaya yoluxmalar ötən il son 25 ildə ən yüksək səviyyəyə çatıb. Səbəb peyvəndləmənin azalmasıdır. Bu il isə COVID-19 pandemiyasına görə vəziyyət daha da pisləşə bilər. Belə bir araşdırmanı Dünya Səhiyyə Təşkilatı (DST) və ABŞ Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzi (CDC) ortaya qoyub.
 
Noyabrın 12-də açıqlanmış araşdırmada deyilir ki, 2019-cu ildə 870 minə yaxın qızılca yoluxmaları qeydə alınıb və bu, 1996-cə ildən bəri ən yüksək göstəricidir.
 
Ölüm hallarının isə 207 min 500-ə çatdığı bildirilir və bu, 2016-cı ildə olduğundan 50 faizədək çoxdur.
 
Ötən il dünyanın hər bir regionunda yoluxmalarda artım qeydə alınıb. Gürcüstan, Qazaxıstan, Şimali Makedoniya və Ukrayna daxil 9 ölkənin göstəriciləri isə qlobal statistikanın 73 faizini təşkil edir.
 
Səhiyyə rəsmiləri geriləməni uşaqların vaxtında, iki doza il peyvənd qəbul etməməsi ilə izah edirlər.
 
“Qızılcanın yayılması və ölüm hallarını necə önləməyi bilirik. Bu data aydın şəkildə göstərir ki, dünyanın hər bir regionunda uşaqları qızılcadan qoruya bilmirik”, – DST rəhbəri Tedros Adhanom Ghebreyesus vurğulayıb. / azadliq.org/ 
 

Google+ WhatsApp ok.ru