Dünya kino tarixində Peyğəmbər (s) haqqında çəkilmiş 6 kino hansılardır?

Əziz Peyğəmbərin (s) həyatı haqqında dünya kino tarixində indiyə qədər lazımi qədər film çəkilməyib, lakin bu mövzuda bir neçə böyük film var. 
 
Peyğəmbərin (s) həyatı ilə bağlı filmin çəkilməsi alimlər arasında həmişə fikir ayrılığına səbəb olub, lakin buna baxmayaraq Həzrət Məhəmmədin (s) həyatı ilə bağlı dəyərli filmlər çəkilib və o həzrətin dövründə baş verən önəmli hadisələr səhnələşdirilib. 
 
Əziz Peyğəmbər Həzrət Məhəmmədin (s) mövludu 2015-ci ildə İslam ölkələrində iki dəfə qeyd olunur. Belə ki, bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri 4-9 yanvar 2015 və 24-29 dekabr 2015-ci ilə təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.
 
Bir il ərzində hicri-qəməri tarixi ilə günlərin sayı milad tarixi ilə günlərin sayından 11 gün az olduğu üçün bu il belə bir hadisə baş verəcək və biz 2015-ci ildə Peyğəmbərimiz (s) üçün iki dəfə mövlud keçirəcəyik. Bu cür hadisə hər 33 ildə bir dəfə təkrarlana bilər. Ekspertlər qeyd edir ki, belə hadisə sonuncu dəfə 1982-ci ildə baş verib. Bu münasibətlə Misirin Əl-Təhrir araşdırmalar mərkəzi Peyğəmbərin (s) həyatı ilə bağlı indiyədək çəkilən filmləri araşdırıb ki, biz də Maide.az oxucularına həmin araşdırmanın xülasəsini təqdim edirik. 
 
“Əlrisalə” (1977-ci il)
 
Bu film Amerikada yaşayan Suriya əsilli rejissor Mustafa Akkadın əsəridir. Filmdə Peyğəmbərin (s) İslam dinini tanıtmaq üçün peyğəmbərliyə çatması dastanı təsvir olunur. 
 
Filmin ərəb dili nüsxəsində Həmzə bin Əbdülmüttalib rolunda Abdullah Qeys oynayır, ingilis dili versiyasında Hollivudun məşhur aktiyoru Entoni Kuin rol alıb. 
 
“Əlrisalə” filmi Ərəb və İngilis dillərində çəkilib. Filmin ərəb versiyasında oynayan bəzi aktiyorlar ingilis versiyasına başqaları ilə əvəz olunublar. Filmin çəkilməsi üçün 10 milyon dollar vəsait xərclənib. Filmin ingilis versiyası çəkilən xərcdən 10 dəfə çox satılmışdı. Film dünyanın 12 dilində tərcümə edilib və yayımlanıb. 
 
Əl-Təhrir “Əlrisalə” kinosunu dünya kino tarixində izləyici sayına görə ən yaxşı kino kimi təqdim edib. 
 
“Məhəmməd Xatəmül- Ənbiya (s)” (2002-ci il)
 
Bu bir cizgi filmidir ki, beynəlxalq Bədr şirkəti tərəfindən çəkilib. 
Filmin rejissoru Amerikalı Riçard Riçdir. Bu film ABŞ və Britaniyada bir neçə kinozalda yayımlanıb. 
 
Məhəmməd Xatəmül-Ənbiya (s) filmində İslamın ilk günləri və Peyğəmbərin (s) peyğəmbərliyə çatdığı dövr nümayiş olunur. 
 
“Məhəmməd Rəsulullah (s)” (2015-ci il) 
 
Dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filminin rejissoru dünya şöhrətli İran rejissoru Məcid Məcididir. Bu filmdə əziz Peyğəmbərimizin (s) uşaqlıq və yeniyetməlik dövrü lentə alınıb. Film Mərakeş, Cənubi Afrika və Qum şəhərində çəkilib. Filmin çəkilişlərinə 2011-ci ildə başlanılıb və 2014-cü ildə başa çatıb. 
 
Filmin çəkilişlərinə başlanılanda Peyğəmbərin üzünün göstəriləcəyi haqqında xəbərlər müsəlman aləmində müzakirələrə səbəb olmuşdu. Bu haqda danışan M.Məcidi bildirmişdi ki, bu fikir süni sürətdə şişirdilib: “Biz əvvəldən Peyğəmbərin simasını göstərmək niyyətində olmamışıq. Səudiyyə Ərəbistanın müftisi və Misirdə Əl-Əzhər İslam Mərkəzi əsassız ittihamlarla filmin göstərilməsinə qarşı çıxıblar.”
 
M.Məcidi deyib ki, filmin çəkilişində həm şiə, həm də sünni sənət adamları iştirak ediblər. Sünni alimlərdən tövsiyələr alınıb, mənbələrindən istifadə edilib. Ona görə də Məhəmməd Peyğəmbərin (s) şiələr tərəfindən mənimsənilməsi kimi uydurma fikirlər həqiqəti əks etdirmir.
 
3 hissəli filmin ilk seriyasının çəkilişinə 40 milyon dollar vəsait xərclənib. 26 avqustdan İranın 143 kinoteatrında nümayiş olunan filmi milyonlarla kinosevərin izlədiyi bildirilir. Filmin artıq beynəlxalq nümayişlərinə də başlanılıb. Film Livanda nümayiş olunub və yaxın günlərdə Türkiyədə də nümayiş olunacağı bildirilir. 
 
“Əl-Şayma” filmi (1972 –ci il) 
 
Şeyma (Shayma) Həzrət Peyğəmbərin (s) dayəsinin qızı və Peyğəmbərin (s) süd bacısıdır. 
 
Peyğəmbərin dayəsi Həlimə, həyat yoldaşı Haris ibn Əbdül-Əziz və övladları Abdullah Peyğəmbərə (s) hörmət bəsləyirdilər. Ona görə ki, məhz Peyğəmbərin (s) onların diyarına gəlməsi ilə yaşadıqları ərazilərə xeyr-bərəkət gəlməsinə inanırdılar. Şeymanın həyat yoldaşı Bicad isə Həzrət Məhəmmədə (s) düşmənçilik edirdi. 
 
“Şeyma” filmində dastan Peyğəmbərin (s) Bicadı bağışlaması təsvirə çəkilib. Bicad Peyğəmbərin (s) düşmənləri ilə həmpeyman olur və Şeyma Peyğəmbərin (s) yanına gedib onun üçün əfv diləyir. Peyğəmbər (s) də onu bağışlayır. Bundan sonra Bicad İslamı qəbul edir. 
 
“Fəcrul-İslam” filmi (1971 –ci il) 
 
Bu film Misir kino tarixinin ən önəmli dini-tarixi filmlərindən hesab olunur. “Fəcrul-İslam” filmində İslamdan öncə əhalinin yaşayış tərzi və cəmiyyətdə xurafatın necə geniş yayılması nümayiş olunur. Bu vaxt İslam dini gəlir və böyük qəbilə rəhbərlərindən birinin oğlu İslamı qəbul edir. Bu gənc oğlan öz tayfasını dinə dəvət etmək üçün geri dönür və tayfasını İslam dininə dəvət edir. Filmdə gənclərin İslama göstərdiyi maraq və yaşlıların isə İslam dini qarşısında müqavimət göstərməsi nümayiş olunur. 
 
“Bilal, Rəsulullahın müəzzini” filmi 
 
Bu filmin mövzusu Peyğəmbərin (s) səhabəsi və İslam dinini qəbul edən birincilərdən olan Bilal Həbəşi haqqındadır. Bilal İslamdan öncə qul idi və Qureyş böyüklərinin birinin xidmətində idi. İşgəncələr qarşısında dözdü və səbir etdi və o işgəncə edildikcə məşhur “əhəd , əhəd” ifadəsini səslənirdi. 
 
Filimdə göstərilir ki, Əbubəkr Bilalı aldı və azad etdi. Bilalın gözəl səsi olduğu üçün Peyğəmbər (s) ona azan verməyi məsləhət gördü. 
 
Filmdə Peyğəmbərin (s) İslam dininə dəvət etdiyi dövr nümayiş olunur. /

Google+ WhatsApp ok.ru