Dünya mediası Azərbaycandakı seçki barədə nələr yazır?

`Le Figaro`: `Əliyev rejimi növbəti dəfə hakimiyyəti xalqın əlindən aldı`

«Əl-Cəzirə»: «Beynəlxalq ictimaiyyət bu seçkinin nəticələrini şübhə altına alır»
 
Dünyanın tanınmış media orqanları Azərbaycandakı parlament seçkilərilə bağlı məqalələrin yayımını davam etdirir. Bu məqalələrdə parlament seçkilərinin nəticələrilə yanaşı, seçkinin hansı şəraitdə keçirildiyi, ölkədəki avtoritar idarəçilik, repressiyalar da öz əksini tapır.
 
“Bu, hakimiyyətin açıq-aşkar qəsb olunmasıdır”
 
Fransanın nüfuzlu “Le Figaro” qəzetinin “Azərbaycanda seçki: hakimiyyət qələbə qazandı” başlıqlı məqaləsində deyilir:
 
“Azərbaycanda keçirilən mübahisəli seçkinin nəticəsi olaraq, hakim partiya parlamentdəki yerlərin yarıdan çoxunu əldə etdi. YAP parlamentdəki 125 yerin 71-ni qazanıb. Bu da Qafqazın neft-qazla zəngin ölkəsinə 12 ildir ki, rəhbərlik edən Ilham Əliyevin parlament üzərində nəzarətini gücləndirir.
 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, səsvermədə seçicilərin 55,7 faizi iştirak edib.
 
Əsas müxalifət qüvvələri, o cümlədən Milli Şura, Müsavat partiyası seçkinin tamamilə saxtalaşdırıldığını bəyan edib.
 
“Bu, hakimiyyətin açıq-aşkar qəsb olunmasıdır. Əliyev rejimi növbəti dəfə hakimiyyəti xalqın əlindən aldı”, – deyə Milli Şuranın bəyanatında bildirilir.
 
“Respublikaçı Alternativ” (REAL) hərəkatı da seçkinin nəticələrini tanımadığını bəyan edib.
 
Qeyd edək ki, ATƏT Azərbaycan hakimiyyətinin məhdudiyyətlərinə görə bu seçkiyə müşahidə missiyası göndərməkdən imtina etmişdi”.
 
“Seçki imitasiyası”
 
Dünyaca məşhur “Əl-Cəzirə” də “Azərbaycanda hakim partiya seçkidə qalib gəldi” başlıqlı məqalədə bu ölkədə avtoritarizmin hökm sürməsindən bəhs edir:
 
“Prezident Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası müxalifətin boykot etdiyi seçkidə parlamentdəki yerlərin əksəriyyətini əldə etdi. Bununla da Ilham Əliyev hakimiyyəti bir qədər də möhkəmləndi.
 
Mərkəzi Seçki Komissiyasının bazar ertəsi səhər səslərin 91 faizinin sayılmasına əsaslanaraq, Əliyevin partiyasının parlamentdəki 125 yerdən ən azı, 69-nu qazandığını açıqladı.
 
Beynəlxalq hüquq-müdafiə təşkilatları isə Azərbaycandakı seçkinin nəticələrini şübhə altına alır. Onlar Azərbaycan hakimiyyətini siyasi rəqiblərini qondarma ittihamlarla həbsxanaya salmaqda, seçki kampaniyasında müxalifətin imkanlarını məhdudlaşdırmaqda ittiham edir.
 
Ilham Əliyev 2003-cü ildə hakimiyyətə gələndən bəri bu ölkədə keçirilən seçkilərin heç biri beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli seçki kimi dəyərləndirilməyib.
 
Müsavat partiyasının lideri Isa Qəmbər “Frans-press” agentliyinə bildirib ki, Əliyevin partiyasının qələbəsi güclü müxalif namizədlərinin seçkini boykot etməsi və kütləvi qanun pozuntuları fonunda əvvəlcədən həll olunmuşdu. O, saxtakarlıq hallarından danışarkən bir adamın bir neçə dəfə səs verməsini, müşahidəçilərə maneələr yaradılmasını qeyd edib.
 
Müsavat partiyası səsverməyə dörd gün qalmış seçkidə iştirakdan imtina qərarını açıqlayıb.
 
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçicilərin 55,7 faizi iştirak edib.
 
Fəaliyyəti sərt şəkildə məhdudlaşdırılan aparıcı müxalifət partiyaları, o cümlədən Demokratik Qüvvələrin Milli Şurası seçkini boykot edib. Milli Şura bu prosesi “seçkinin imitasiyası” adlandırıb.
 
Daha bir müxalifət qurumu olan REAL Hərəkatı da seçkinin nəticələrini tanımadığını bəyan edib.
 
Ilham Əliyev hakimiyyəti 2003-cü ildə dünyasını dəyişmiş atası, keçmiş KQB zabiti və kommunist dövrünün lideri Heydər Əliyevdən miras alıb. O da öz növbəsində Azərbaycanın yeni müstəqilliyindən sonra 1993-cü ildən 2003-cü ilə qədər ölkəni dəmir yumruqla idarə edib.
 
Rusiya və Iran arasında yerləşən Azərbaycan Avropanın Moskvadan enerji asılılığının azaldılması baxımından vacib ölkə sayılır.
 
Gəlirləri demək olar ki, neft-qaz ixracından asılı olan ölkə dünyada neftin qiymətinin kəskin ucuzlaşmasından, həmçinin Rusiyadakı ciddi iqtisadi böhrandan sonra problemlərlə üzləşib. Bunun nəticəsi olaraq, Azərbaycan bu ilin fevralında devalvasiya qərarı verdi və milli valyutası olan manat dollara nisbətdə 34 faiz dəyərini itirdi.
 
Builki parlament seçkilərində 700-dən artıq namizəd mübarizə aparırdı. Ölkədəki seçicilərin sayı isə 5,9 milyon nəfərdən çoxdur”.

Google+ WhatsApp ok.ru