Dünya neft bazarında OYUNLAR

Dünya neft bazarında OYUNLAR

Bu gün neftin qiymətlərində olan artımlar tələb və təklif arasında olan münasibətlərdən çox geopolitik faktorlardan asılıdır. Bunu Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
 
“Neft hasilatının azaldılması öhədliklərinə əməl olunmur”
Mütəxəssis bildirib ki, neftin qiymətinin birdən-birə 2,5 dəfədən çox artımı ABŞ-ın Suriyaya aviozərbələr endirməsi ilə əlaqəli idi:
 
“Bundan əlavə, ABŞ-ın sonuncu neft statistikası açıqlanıb. Bu statistika heç də ona dəlalət etmir ki, neftin qiymətləri bundan sonra stabil olaraq 55-60 dollar arasındakı dəhlizdə saxlanacaq. Çünki Amerikada hasilat getdikcə artmaqdadır. Hazırda hasilat 9,23 milyon barrel göstəriciyə çatıb. İlin əvvəli ilə müqayisə etsək, bu göstərici heç 9 milon barrel deyildi.
 
Bu ona dəlalət edir ki, OPEK-dən kənar ən böyük hasilatçı, əgər bunu Rusiya kimi qəbul etməsək, (çünki Rusiya ötən ilin dekabrında hasilatın azaldılması ilə bağlı OPEK-lə razılığa gəlmişdi) Amerikdadır.
 
Mən Amerikanı birbaşa dünya bazarına təsir edə biləcək bir ölkə kimi səciyyələndirirəm. Bu ölkə 2014-cü ilin ortasında 9, 6 milyon barrel neft hasil edirdi və bu, onun pik hasilatı idi. Hamıya da bəlli idi ki, bu şist neft hasilatı ilə əlaqədardır. Və neftin qiymətinin aşağı düşməsilə şist neft yataqları və quyuları konservə edilməyə başladı. İndi Amerika bazarında neftin qiyməti 52 dollar civarındadır. Bu da neft hasilatçıları üçün həmin quyuları bir-bir istifadəyə verməyə sövq edir. İlin sonuna olan proqnozlara görə, Amerikada 9,4 milyon barrel neft hasilatı gözlənilir.
Məsələ bundadır ki, ABŞ və digər ölkələr, o cümlədən Rusiya hasilatı azaldacağı barədə öhdəlik götürüb. Ancaq Rusiya ötən ilin oktyabr ayında hasilatı o qədər artırmışdı ki, indi həmin ayla müqayisədə hasilatı azaldır. Reallıqda 2017-ci ildə faktiki olaraq hasilatını azaltmayacaq.
İkinci bir məqam, Qazaxıstan hasilatın 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Anacaq reallıqda bu, baş verməyəcək. Çünki 2016-cı ildə 75 milyon ton hasilatı olan Qazaxıstan cari ildə Kaşaqan yatağında hasilatın başlanması ilə əlaqədar, qiymətlərdən asılı olaraq ən azı 79-80 milyon ton neft hasil edəcək”.
 
“Neftin qiyməti kəskin ucuzlaşa bilər”
İ.Şaban bütün bunların müqabilində bazara təklif edilən neftin həcminin çox olacağını vurğulayıb:
 
“Dünya bazarına təklif edilən neftin həcmi reallıqdan çox olacaq. OPEK mayın 25-də Vyanada keçiriləcək növbəti toplantıda bu həcmdə nefti bazardan çıxarmağı bacarmasa, ilin 3-cü yarısında neftin qiymətlərinin kəskin ucuzlaşması müşahidə ediləcək.
İndi neftin qiymətinin 55-56 dollar civarında dəyişməsi bazarın real qiyməti deyil. Bu, süni, bir sıra səbəblərdən şişirdilmiş qiymətdir. Bir neçə gün əvvəl neftin qiyməti 51 dollar idi. Geopolitik faktorlar nəticəsində neftin qiyməti 5 dollar artdı. Bu artımda birinci OPEK ölkələri bəyanat verdi ki, biz növbəti toplantıda kvotalara baxıb, onları azaltmağa meylliyik. Ona görə Rusiya da dolayı yolla qərarı dəstəklədi və bu da bazara müsbət təsirini göstərdi.
Həmçinin, heç kimin gözləmədiyi bir halda Amerikanın aviozərbələri oldu. Üçüncü faktor, Trampın Şimali Koreya sahillərinə hərbi gəmilər göndərməsi və onları hədələməsi oldu. Bu, birbaşa dünya bazarlarına yeni bir gərginlik siqnalı ötürdü. Ümumi fikirlərə görə, bu gərginlik növbəti münaqişə ocağı yarada bilər. Ona görə də bir neçə gündür ki, birjalarda neftin qiymətləri aşağı düşmür. ABŞ dövlət katibi Tillersonun Moskvaya gəlişi, Lavrov və Putinlə görüşündən sonra vəziyyətin necə dəyişəcəyi maraq doğurur. Mən hesab edirəm ki, neftin qiymətlərində mütləq korrektələr olacaq. Neftin qiymətinin 55 dollardan yuxarı olması üçün müsbət siqnallar lazımdır. Bu siqnallar gəlməsə, neftin qiyməti 55 dollardan aşağı düşəcək”. /

Google+ WhatsApp ok.ru