Dünyanın ən böyük Quran mətbəəsindən VİDEOREPORTAJ

Dünyanın ən böyük Quran mətbəəsindəyik. İl ərzində burada 13 milyondan çox Quran çap edilərək, dünyanın bütün müsəlman ölkələrinə pulsuz olaraq paylanılır.
 
Mədinədə yerləşən bu bina 1984-cü ildə kral Fəhd bin Əbdüləziz tərəfindən tikilib və qısa zaman ərzində dünyanın ən böyük Quran mətbəəsinə çevrilib.
 
Qurani-Kərim kitabları və audio disklərinin hazırlanması üzrə ixtisaslaşan bu kompleks 270 milyon ABŞ dolları dəyərindədir. 250 min kvadrat metr ərazidə inşa olunan bu bina bir mətbəə şəhəridir.
 
Bu günə qədər burada 59 fərqli dildə Quran kitabları çap olunaraq müsəlman ölkələrinə paylanılıb. Məqsəd Qurani-Kərimi bütün yer üzündə yaymaq və təbliğ etməkdir. Mətbəə tərəfindən müsəlmanların çox yaşadığı ölkələrə İndoneziya, Malaziya, Pakistan, Banqladeş və Türkiyəyə göndərilən kitabların sayı digər ölkələrə nisbətən daha çoxdur.
 
Mətbəə haqqında qonaqları məlumatlandıran rəhbərlik deyir ki, bir çox hallarda dövlətlər Səudiyyə Ərəbistanı səfirliyinə müraciət edərək, kitab sifariş verirlər. Bundan başqa, Həcc zamanı da küçələrdə, məscidlərdə zəvvarlara Qurani-Kərim hədiyyə edilir. Hər Həcc ziyarəti zamanı 2 milyondan çox Qurani-Kərim paylanılır. 31 ildir yüzlərlə işçi müsəlmanların müqəddəs kitabını çap edir.
 
Kompleks ziyarətçilərə açıqdır. Hər il 400 mindən çox yerli və xarici qonaq buranı ziyarət edir. Bura gələn qonaqlar hədiyyəsiz qayıtmır.
 
Bura gələn qonaqlara öz dillərində Qurani-Kərim hədiyyə edilir. Mənə də öz dilimizdə Qurani-Kərim hədiyyə etdilər.
 
Kompleksdə təkcə Qurani-Kərim kitabları deyil, həm də Quranı-Kərimin audio və video versiyası hazırlanır. Kompleksin bir hissəsində isə Qurani-Kərim kitablarından ibarət  guşə də yaradılıb.
 
İslamın müqəddəs kitabı olan Qurani-Kərimin 114 surəsi və 6236 ayəsi nəfis tərtibatda çap edilir. Quranı digər səmavi kitablardan fərqləndirən cəhət onun uzun zaman müddətində - 23 ilə hissə-hissə nazil olunmasıdır. "Oxumaq", "qiraət etmək" mənasına gələn Qurani-Kərim Fatihə surəsi ilə başlayıb, Nas surəsi ilə bitir.

Google+ WhatsApp ok.ru