Dünya yanacaqda palma yağından imtina edir, Azərbaycan isə...

Dünya yanacaqda palma yağından imtina edir, Azərbaycan isə...

Bu gün bəzi Avropa ölkələri palma yağı ilə zənginləşdirilən yanacaqlardan imtina edir. İtaliya, Macarıstan, Fransa və Böyük Britaniya kimi ölkələr bu yağla zənginləşdirilmiş yanacaqdan istifadənin əleyhinə olduqlarını bildiriblər.
 
Palma yağı ilə zəngin yanacaqdan imtina edilməsi ilə bağlı artıq Avropa Birliyi tərəfindən deklarasiya hazırlanıb. Bu deklarasiyada yanacaqda palma yağndan istifadə edilməməsinin vacibliyi qeyd olunur. Alimlər bildirir ki, palma yağı ilə zənginləşdirilmiş yanacaq digərləri ilə müqayisədə ekoloji mühit üçün 3 qat daha ziyanlı təsirə malikdir. Rəsmi statistikaya görə, təkcə ötən il Avropa ölkələrində palma yağından avtomobil yanacağında 51% istifadə edilib.
 
Belçika, Fransa, İtaliya, İspaniya, Portuqaliya, İsveç, Hollandiya bu yağın yanacaqda istifadəsinin qarşısının alınması üçün artıq müəyyən addımlar atır. Həmin ölkələrin Avropa Birliyindəki təmsilçiləri qeyd edir ki, belə yanacaq növü Avropa bazarında ucuz olduğu üçün bir sıra ölkələr onun ekologiya üçün ciddi təhdidlərinə fikir vermir.
 
Avropa Birliyinin Alternativ Enerji Məsələləri üzrə ekspertləri qeyd edir ki, yanacaqda istifadə məqsədi ilə palma ağaclarının yandırılması, sonradan isə onun yanacaq vasitəsi ilə ətrafa zəhərli qaz ötürməsi gələcəyimiz və ekologiyamız üçün dəhşətli nəticələrə yol açacaq.
 
Lakin ekspertlərdən fərqli olaraq Avropa vətəndaşları əslində dizel yanacağının palma yağı ilə zəngin olmasından xəbərsizdir. 4.500 avropalı arasında keçirilən sorğunun nəticəsində bəlli olub ki, onların 82 faizi yanacağın bu yağ ilə zənginləşdirilməsindən xəbərsizdir.
 
Sputnik Azərbaycan-ın əməkdaşı mövzu ilə bağlı azərbaycanlı ekspertlərin münasibətini öyrənmək istəsə də, bəzi ekoloqlar bu məsələdən xəbərsiz olduqlarını söyləyiblər. Lakin Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov bu sahədə görülməli olacaq işlərdən danışıb: "Palma yağı bədənimizə, ətraf mühitimizə xas deyil. İndiyə qədər Azərbaycanda qeyd etdiyiniz mövzu və bu cür yanacağın zərərlərindən nə qədər adamın dünyasını dəyişməsi ilə bağlı heç bir elmi iş aparılmayıb. Bununla bağlı Azərbaycanda elmi işlərin aparılmasına ehtiyac var". /sputnik.az/

Google+ WhatsApp ok.ru