‘Azərbaycanda idxal görünməmiş səviyyəyə çatıb’

‘Azərbaycanda idxal görünməmiş səviyyəyə çatıb’

Azadliq.info saytında «Rövşən Ağayev: Azərbaycanda idxal görünməmiş səviyyəyə çatıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı-ekspert Rövşən Ağayev Gömrük Komitəsinin 3 aylıq xarici ticarət statistikasına istinadən öz düşüncələrini bölüşür. Onun gəldiyi nəticəyə görə, Azərbaycanda son illər idxal çox artıb: «İndiyədək heç zaman Azərbaycanın orta aylıq idxalı 1 mlrd. dolları, illik idxalı 10.7 mlrd. dolları ötməyib. İllik yekunla götürdükdə orta rüblük göstəricinin 3 mlrd. dolları ötdüyünü də xatırlamıram».
 
Ekspert vurğulayıb ki, bu ilin 3 ayı ərzində xaricdən məhsul idxalı 3.135 mlrd. dollara çatıb və əgər bu temp davam edərsə, illik idxal 13 mlrd. dollara yaxınlaşacaq. İqtisadçının iddiasına görə, idxalı artıran əsas səbəb isə dövlət sektorudur: «2018-ci ilin 3 ayına nisbətən bu ilin 3 ayında idxal 944 mln. dollar (43 faiz) artıb. Bu artımın təxminən 800 mln. dolları (bütün artımın 85 faizi) dövlət sektoru hesabına təmin edilib. Əgər artım özəl sektor hesabına olsa idi, belə kəskin artımın idxalda leqallaşma hesabına baş verdiyi ehtimalını düşünmək olardı».
 
R.Ağayevin açıqlamasına görə, bu ilin 3 ayında bu sahə üzrə göstəricinin 38 faizini dövlət idxalı təşkil edib, 2018-ci ildə isə həmin göstərici cəmi 17.8 faiz olub.
 
Bunun səbəbinə gəldikdə isə, ekspert bunları deyib: «Bunun cavabını bir halda bilmək olardı: Gömrük Komitəsi özəl və dövlət sektoru üzrə idxalı mal qruplarını ayrıca təqdim edəydi. Bizdə isə belə statistika aparılmır».
 
R.Ağayev vurğulayıb ki, üstəlik, qeyri-neft ixracında da elə nəzərəçarpan artım yoxdur.

Google+ WhatsApp ok.ru