İntizar çəkənlərin mükafatı

İntizar çəkənlərin mükafatı

Yaxşılıqlar yoluna göz dikənlərin xoş halına! Vəd edilən böyük xilaskarın intizarını çəkməklə günlərini sayanlaırn mükafatları nə qədər də böyükdür! Həzrət Muhəmmədin (s) nəslindən gələcək Qaimin (ə) intizarını çəkənlərin məqam və dərəcəsi necə də böyük və əzəmətlidir! İmam Sadiq (ə) buyurur: “...Xoş olsun bizim Qaimimizin şiələrinin halına! Onlar onun qeybə çəkildiyi dövrdə zühurunun intizarını çəkər, zühuru əsrində də ona itaət edərlər. Onlar Allahın dostlarıdır ki, heç də qorxu hiss etmir və kədərlənmirlər. (“Kəmalud-din”, c.2, fəsil 33, hədis 54, səh.39.)

Allahla dostluq medalını sinəyə taxmaqdan böyük bir fəxr ola bilərmi? Axı onlar nə üçün kədərlənməli, qəm-qüssə yeməlidirlər?! Halbuki intizar inancı onların həyatı və ölümünə dəyər verir. İmam Səccad (ə) buyurur: “Allah Qaimimizin qeybi dövründə bizim vilayətimiz sabit qalan şəxsə Allah Bədr və Ühüd döyüşündə şəhid olan min nəfərin savabını verər.” (“Kəmalud-din”, c.2, fəsil 31, hədis 6, səh.592.)

Bəli, qeyb dövründə İmam Zamanın (ə) vilayətindən yapışan və o həzrətlə bağladığı əhd-peymana sadiq qalanlar Peyğəmbəri-Əkrəmin (s) ordusunda Allah düşmənlərinə qarşı döyüşərək qana boyanan əsgərlər kimidirlər!

Canlarını ölüm oxlarına sipər edərək Allah Rəsulunun (s) övladı və həqiqi xəlifəsinin zühurunun intizarını çəkənlər elə bu andan döyüş xeyməsində və haqq cəphəsinin sərkərdəsinin kənarındadır. İmam Sadiq (ə) belə buyurur: “Əgər sizdən (şiələrdən) biri İmam Mehdinin (ə) zühurunun intizarını çəkdiyi halda ölsə, Qaimin (ə) xeyməsində və hüzurunda olan şəxs kimidir. Bir az sükut etdikdən sonra belə buyurdu: Xeyr, Həzrətin yanında qılınc çəkib döyüşən şəxs kimidir.” Sonra belə buyurdu: “Allaha and olsun ki, Rəsulullahın (s) hüzurunda şəhadətə çaran şəxs kimidir.” (“Biharul-ənvar”, c.52, səh.126.)

İslam Peyğəmbəri (s) əsrlər öncə onları öz qardaş və dostları kimi tanıtdırmış və onlara qarşı öz sevgisini bildirmişdir. İmam Baqir (ə) buyurur: Bir gün Peyğəmbər (s) səhabələri ilə birgə olarkən buyurdu: İlahi, qardaşlarımı mənə göstər! O həzrət bunu iki dəfə təkrar etdi. Səhabələr: “Ey Allah Rəsulu (s), biz sənin qardaşların deyilikmi?” deyə soruşduqda, Həzrət buyurdu: “Xeyr, siz mənim səhabələrimsiniz. Qardaşlarım axır zamanda məni görmədikləri halda, mənə iman gətirənlərdir. Allah onları mənə özləri və ata-babalarının adları ilə tanıtdırdı... Onlardan hər birinin öz dinlərində sabitqədəmlikləri qaranlıq gecə gəvən tikanlarını qoparmaqdan və odlu atəşi ələ almaqdan daha çətindir. Onlar hidayət məşəlləridir Allah onları fitnə oxlarından xilas etmişdir.” (“Biharul-ənvar”, c.52, səh.123.)

İslam Peyğəmbəri (s) buyurur: Xoş olsun Əhli-beytimdən olan Qaimə qiyam etməzdən qabaq itaət edən, dostları dost, düşmənlərini düşmən bilən və ondan əvvəlki imamları sevərək onu dərk edənlərin halına! Onlar mənim dostlarım, sevdiyim kəslər və ümmətimin ən əziz kəsləridir.” (“Kəmalud-din”, c.1, fəsil 25, hədis 2, səh.535.)

Peyğəmbərin (s) yanında belə məqama nail olan kəslər o həzrətin dostlarım deyə xitab etdiyi kimi böyük səadətə çatmışlar. Doğrudan da, bu, eşq və məhəbbətlə dolu bir nidadır və onların Haqqın dərgahına yaxınlıqlarını göstərir. İmam Baqir (ə) buyurur: “İnsanlara imamın qeybə çəkiləcəyi bir zaman gələcəkdir. Bəs, xoş olsun bizim əmrimizdə (vilayətimiz) sabit qalanların halına! Onların ən kiçik mükafatı budur ki, Allah-Taala onlara belə nida edər: “Ey bəndələrim, Mənim sirrimə (qeybdə olan imama) iman gətirdiniz, onu təsdiq etdiniz! Belə isə, sizi yaxş mükafatımla müjdələyirəm. Həqiqətən, siz Mənim bəndələrimsiniz; əməllərinizi qəbul edir, xətalarınızı da bağışlayıram. Sizin (bərəkətiniz) ilə bəndələrimin üzərinə yağış yağdırır, onlardan bəlaları dəf edirəm. Əgər siz (insanların içərisində) olmasaydınız, söszüz ki, əzabımı (günahkarlara) göndərərdim.” (“Kəmalud-din”, c.1, fəsil 32, hədis 15, səh.602.)

Doğrusu, zühurun intizarını çəkənlərə rahatlıq verən və həsrətlərinə son qoyan nədir? Onların gözlərini işıqlandıran nədir? Ürəklərinin döyüntüsünü sakitləşdirən nədir? Vəd edilmiş xilaskara qovuşmaq üçün bir ömür gözlərini intizar yoluna dikən və bu yolu bütün çətinliklərilə ötənlər məşuqları ilə birgə olmaqdan az bir mükafatla razılaşarmı?! Bundan da gözəl aqibət və şövkətli an ola bilərmi? İmam Kazim (ə) buyurur: Xoş olsun bizim şiələrimizin halına! O kəslər ki, Qaimimizin qeybinəmində bizim dostluq ipimizə sarılar və düşmənlərimizə nifrət bəsləyərlər. Onlar bizdəndir və biz də onlardanıq. Onlar bizim rəhbərliyimizə razı oldular. Biz də onların şiəliyinə razıyıq. Xoş olsun onların halına! And olsun Allaha ki, onlar qiyamət günü bizimlə eyni dərəcədə olacaqlar.” (“Kəmalud-din”, c.2, fəsil 34, hədis 5, səh.43; “Negine-afərineş”, 9-cu dərs, “İntizar” bölümü.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru