XAÇMAZDAKI TARİXİ MƏSCİD DAĞILMAQ ÜZRƏDİR - FOTO

Azərbaycanın bütün bölgələri tarixi  baxımdan çox əhəmiyyətlidir. Demək olar ki, ölkə ərazisində elə bir yaşayış məntəqəsi yoxdur ki, tariximizi  mədəni  irsimizi  əks etdirən tikililərə, yaşayış yerlərinə rast gəlinməsin. Şimal bölgələrindən biri olan Xaçmaz rayonu da bu siyahıda önəmli yerlərdən birini tutur.
 
Maide.az xəbər verir ki, Xaçmazda 60-dan çox tarix və mədəniyyət abidəsi qorunub saxlanıb. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Sərkərli, Mollabürhanlı, Hülövlü, Qaracik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbildəndir.
 
Çoxsaylı tarix və mədəniyyət abidələri var. Moruqoba, Qalağan, Uzunoba, Tağaroba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qaraqurdlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılıb.
 
Niyazabad limanı XVI əsrdən Azərbaycanın qonşu ölkələrlə əlaqələrin yaradılmasında mühüm rol oynayıb. Xaçmaz rayonunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət muxəlləfatı əşyaları aşkar edilib.
 
Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir.
 
XX əsrin əvvəllərində (1900-1903-cu illər) tikilmiş dəmir yol stansiyası və su qülləsi, Hacı Zeynalabdin Tağıyevin vəsaitinə 1900-1913-cü illərdə tikilmiş Şollar su anbarı və su kəməri də maraq doğururlar. Bu tikililər indi də texniki cəhətdən işləkdirlər. 
 
Lakin təəssüf olsun  ki heç də bütün tarixi  tikililər layiq olduqları qayğı və diqqətlə qorunmur.
 
Belə ki, Xaçmaz rayonunun Qaraqurdlu kəndindəki XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi baxımsızlıq ucbatından tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Kompleksə kənardan baxdıqda, ətrafının çəpərlə əhatəli olduğu və mühafizə altında saxlandığı görüntüsü yaradılsa da, əslində heç də hər şey göründüyü kimi deyil. Çöl hissədən birmərtəbəli kimi görünsə də, daxili hissəsi ikimərtəbəli olan məscid-mədrəsənin tavanı uçaraq içərisinə tökülüb. Bu isə onu göstərir ki, yaz və payız yağışları, həmçinin qışın qarı bu tarixi abidənin içərisinə tökülür. Sözsüz ki, belə təbii proseslər abidənin günü-gündən məhvinə aparır. Amma bu kompleksi təmir edərək, istifadə edilməsə belə, böyük bir turizm zonası olan Xaçmaza səfər edən turistlərin diqqətinə təqdim etmək olar. 
 
Ümid edirik ki, əlaqədar orqanlar - ilk növbədə Xaçmaz Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlər Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi sözügedən tarixi abidənin bərpası yönündə təxirəsalınmaz tədbirlər görəcəklər.
 
Həmin məsciddən çəkilmiş fotoları təqdim edirik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fotolar Qubalilar.biz saytına məxsusdur

Google+ WhatsApp ok.ru