`Dollar ajiotajı`nın pərdəarxası

`Dollar ajiotajı`nın pərdəarxası

-- İnsanlar Mərkəzi Bankın bəyanatına inanmırlar

"Yeni Müsavat" qəzetində isə "Dollar ajiotajını banklar yaradır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif son günlərin ən çox danışılan məsələlərindən olan dollar-manat məzənnəsinin perspektivini ekspert Natiq Cəfərli ilə müzakirə edir.
 
Müəllif deyir ki, son günlər əhali arasında dollara tələbatın artması, bankların isə müştərilərə dollar satmaqdan imtina etmələri valyuta bazarında ajiotaj yaradıb.
 
Müəllifə görə, qonşu ölkələrdə dolların bahalaşması da Azərbaycan əhalisi daxilində əllərindəki vəsaiti dollara dəyişmək tələbatını artırıb.
 
Müəllif deyir ki, rubl və lirədən sonra manatın da dollar qarşısında dəyər itirməsi, bankların dollar satışını bahalaşdırması kimi psixoloji təzyiq də yaşanır.
 
"Qonşu ölkələrin hamısında milli valyutalar dəyərdən düşüb. Səbəblər müxtəlif olsa da, proses eynidir. Rusiya rublu, Türkiyə lirəsi çox sürətlə dəyərdən düşdü, Qazaxıstan təngəsində 10 faiz ucuzlaşma oldu, İran rialı təqribən 15-20 faiz ucuzlaşdı. Bütün ətraf ölkələrdə, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə milli valyutalar dəyərdən düşüb. Bu da Azərbaycanda insanlar arasında belə bir narahatlığa səbəb oldu ki, manatla bağlı da oxşar qərar verilə bilər". Ekspert N.Cəfərli durumu qəzetə belə şərh edir.
 
Ekspert deyir ki, Mərkəzi Bank rəhbərliyinin devalvasiya olmayacağı barədə çıxışı əks effekt verib və səbəb də budur ki, 2015-ci ildə baş verən iki devalsiyadan öncə Mərkəzi Bank devalvasiya olmayacağı bəyanatını səsləndirmişdi.
 
N.Cəfəfrli hesab edir ki, bu məqam Mərkəzi Bankın institusional olaraq nüfuzdan düşdüyündən xəbər verir və insanlar bu bəyanata da inanmırlar.
 
Ekspertə görə, qonşu ölkələrdə milli valyutaların dollar və avro önündə dəyər itirmələri bu ajiotajı yaratdı, əhali əlindəki manat kütləsini dollara dəyişmək istədi, amma banklar isə buna hazır deyildilər: "Çünki artıq bir ilə yaxındır ki, inzibati yollarla dollar-manat məzənnəsi sabit saxlanılır. Manat digər valyutalara nisbətdə sabit olmasa da, dollar-manat məzənnəsi əsas götürülür, çünki bu qərarın həm də siyasi səbəbləri olduğu üçün uzun müddətdir ki, inzibati qaydada tənzimlənirdi. Banklar da adət etmişdilər ki, gündəlik tələbat 50 min dollar civarında olsun, birdən-birə tələbatın artması banklarda yaranmış bu sükutu pozdu".
 
N.Cəfərli deyir ki, insanlarda daha çox valyutaya tələb yarandı, banklardakı dollar həcmi yetərli olmadı.
 
Ekspert deyir ki, indiki şəraitdə manatın dollara qarşı dəyər itirməsinə elə bir iqtisadi səbəb yoxdur, çünki ölkənin primitiv iqtisadi modeli neftlə bağlıdır, neftin qiyməti isə hələlik yüksəkdir .
 
Ekspert vurğulayır ki, bu səbəbdən devalvasiya ola bilməsi ehtimalı çox aşağıdır.
 
Bununla belə, N.Cəfərli hesab edir ki, bu ilin sentyabrından dünyada və qonşu ölkələrdə gedən proseslərə paralel manata təzyiqlərin arta bilər.
 

Google+ WhatsApp ok.ru