Dollara tələbat artacaq

Dollara tələbat artacaq

"Exo" qəzetində "Fırtınadan öncəki sakitlik: Azərbaycanda dollara tələbat azalıb" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yaxın perspektivdə dolların bahalaşma ehtimalını ekspertlərlə müzakirə edir.
 
Yazıda ekspertlərə istinadən bildirilir ki, tezliklə Azərbaycan sahibkarları valyuta almaqdan ötrü bankların qarşısında növbəyə düzüləcəklər:
"Azərbaycanda dolların satışının azalmasının bir neçə səbəbi var. Ən başlıcası iqtisadi fəallığın və əhalinin alıcılıq qabiliyyətinin azalmasıdır. Sıravi vətəndaşlar pul olmadığı üçün çox az həcmdə valyuta alır. Belə ki, gəlirlər ancaq ən zəruri olana çatır", -deyə ekspertlər bildirib.
 
Yazıda vurğulanır ki, dövlət qurumlarının əhalinin gəlirlərinin artmasını deməsinə baxmayaraq, real qazanc əhəmiyyətli dərəcədə azalıb. Üstəlik, inflyasiya bu artımı "yeyib".
 
Yazıda bildirilir ki, xarici valyutanın əsas alıcıları ölkəyə mal idxal edən iş adamlarıdır. Rəsmi rəqəmlərdə idxalın 18 faiz azaldığı açıqlanıb.
 
Ekspertlərin fikrincə isə, buna səbəb yerli istehsalın artması yox, məhz əhalinin alıcılıq qabiliyyətinin azalmasıdır:
"Sahibkarlar ölkəyə daha az mal idxal edir. Çünki onları satmaq çətindir, zərərə düşürlər. Çoxlarının özəl kreditorlar önündə öhdəlikləri var, bir çox iş adamları kiçik biznesin inkişafını görmədikləri üçün fəaliyyətlərini dayandırırlar. Bu da, əlbəttə, xarici valyuta alınmasının azalmasına təsir edir".
 
Ekspertlər hesab edir ki, əhalinin tələbatından asılı olaraq tezliklə iş adamları idxalı artıracaqlar. Bu da xarici valyutaya tələbatı yüksəldəcək. Yazıda xatırladılır ki, ayyarımdan sonra yeni dərs ili başlayır. Ölkəyə yeni məktəb ləvazimatları, pal-paltar gətirilməlidir...

Google+ WhatsApp ok.ru