Dollar avtomobil bazarındakı liderliyini itirir

Bərdədəki avtomobil bazarında alqı-satqı əməliyyatlarının 90%-i milli valyuta ilə aparılır. Maide.az regiontv-yə istinadən xəbər verir ki, bir müddət öncə devalvasiyaya uğrayan manat dolları artıq avtomobil satışı bazarından sıxışdırıb çıxarıb. Bu da səbəbsiz deyil. Çünki indi baha qiymətə dollar almaq istəməyən alıcını cibindəki mövcud manatı ilə razılaşmaya getmək maraqlandırır. Ancaq bu bir tərəfə sərf etsə də, digər tərəfi qane etmir. Məhz alıcıda yaranan dollar qıtlığı satıcını əvəllər xarici valyuta ilə aldığı nəqliyyat vasitəsini manatla satmaq məcburiyyəti qarşısında qoyur.
 
"Bu dəqiqə camaatda dollar yoxdur. Əvvəllər dollar ucuz idi. Satış dollarla idi. Amma indi dolların məzənnəsi qalxandan sonra alqı-satqı manatladır”, - avtomobilini satan Kərim Hüseynov deyir.
Ancaq satıcıda narazılıq yaradan əsas səbəb alıcının olmamasıdır. Elə bu anda gəlin bir müqayisə aparaq. Misal üçün, 3 ay bundan öncə, yəni milli valyutamız devalvasiyaya uğramamışdan əvvəl 4500 dollara alınan avtomobil indi 4000-4500 manata satışa çıxarılır. 3 ay bundan öncəki həmin 4500 dollar köhnə məzənnə ilə təxminən 3500 manat edir. Onda belə çıxır ki, əgər satıcı həmin avtomobili ən aşağısı 4000 manata sata bilsə, bu zaman o mövcud məzənnə ilə təxminən 3800 dollar əldə etmiş olur. Belə olan halda satıcının əvvəlki 3500 manata nisbətdə milli valyuta ilə 500 manat artıq qazandığı, 3 ay bundan öncəki 4500 dollarla müqayisədə isə 700 dollar itirdiyi məlum olur.
Məhz bu yerdə bir nəticəyə gəlmək olur ki, bazarda alıcı qıtlığı yaradan səbəb satıcıların səsləndirdiyi rəqəmin nəqliyyat vasitəsi almaq istəyənlərə sərf etməməsidir. Amma bir şeyi də diqqətdən qaçırmamaq lazımdır ki, indi bazara gələnlər keçmiş SSRİ istehsalı olan avtomobilləri üstün tuturlar: ”Ona görə ki, rus maşınlarının alt hissəsi hündürdür. Sahəyə girməyə, çıxmağa, sahədən məhsul daşınması üçün çox əlverişlidir”, - avtomobil satan Sirac Rüstəmov deyir.
 
Bəzi satıcıların proqnozu bunu deməyə əsas verir ki, kənd təsərrüfatı məhsullarının yığımından sonra belə minik maşınlarının qiyməti daha da bahalaşacaq. Dolların avtomobil bazarındakı “lider”liyinə gəldikdə isə, satıcıların dili ilə desək, yalnız manat məzənnədə yenidən bu xarici valyutanı üstələyərsə, mümkün olacaq.

Google+ WhatsApp ok.ru