Dolu, güclü külək və leysan İsmayıllıda fəsadlar törədib

Dolu, güclü külək və leysan İsmayıllıda fəsadlar törədib

Güclü küləklə müşayiət olunan dolu və leysan İsmayıllı rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub.
 
İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki,  təbii fəlakət nəticəsində rayonun Qoşakənd, Ağbulaq, Qalıncaq, Quşencə, Hacihətəmli, Kürdmaşı kəndlərində 510 hektar taxıl sahəsi, 51 hektar üzüm bağı, 0,5 hektar tütün sahəsi, 3 hektar sahədə meyvə-tərəvəz və bostan məhsulları tələf olub.
 
Yerli sakinlər İsmayıllıda uzun illərdir ki, belə güclü dolu müşahidə olunmadığını bildiriblər. Təxminən 15 dəqiqə ərzində düşən dolu hər tərəfdə qalın buz qatı yaradıb.
 
Qoşakənd sakinlərinin sözlərinə görə, dolu meyvə-tərəvəz, taxıl və otlaq sahələrinə böyük ziyan vurub. Taxıl biçininə hazırlaşan kəndlilərə küllü miqdarda maddi ziyan dəyib.
 
Təbi fəlakətdən ziyan çəkən sakinlər dəyən ziyana görə kompensasiya ödənilməsini istəyirlər.
 
İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Paşa Məmmədov APA-ya bildirib ki, dolu rayonun 10-dan çox kəndinə düşüb, taxıl və üzüm sahələrini məhv edib, məhsuldarlıq aşağı düşüb. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarına dəyən ziyanın aradan qaldırılması üçün həmin əkin sahələri mütləq sığortalanmalıdır. (faktxeber)
 

Google+ WhatsApp ok.ru