Donald Trump ABŞ-ın 45-ci prezidentidir -YENİLƏNİB

Donald Trump ABŞ-ın 45-ci prezidentidir -YENİLƏNİB

(Trumpın çıxışı əlavə olunub) 
 
Seçkilərdə qələbəsi elan olunandan sonra ilk çıxışında Donald Trump bütün amerikalıların prezidenti olmaq istədiyini, bunun onun üçün çox vacib olduğunu deyib.
 
Tribunaya qırmızı qalstukla çıxan D.Trump rəqibi Hillary Clinton-un onu təbrik etdiyini və bu təbrikin bütün tərəfdarlarına çatdığını bildirib.
 
Trump Clinton-un çox əmək sərf etdiyini, möhkəm çalışdığını, onun bu əməyini respublikaçıların hörmətlə dəyərləndirdiyini söyləyib.
 
D.Trump ABŞ xalqını birliyə, ölkənin yaralarını sağaltmaqda ona yardım etməyə çağırıb. «Biz birləşməli, birlikdə fəaliyyət göstərməliyik. Vahid Amerika mənim üçün çox vacibdir!» deyib.
 
Yeni ABŞ prezidenti «Unudulmuşlar unudulmayacaq, infrastruktur yenidən qurulacaq, artım iki dəfə çox olacaq. Böyük iqtisadi planlarımız var və biz bizimlə əməkdaşlıq etmək istəyən hər kəslə işləyəcəyik. Hər kəsin və hər kəsin qeydinə qalacağıq!», - deyə amerikalıların onu seçdiklərinə sevinəcəklərini vəd edib:
 
«2, 3, bəlkə də 8 ildən sonra da düzgün seçim etdiyinizi deyəcəksiniz!».
 
D.Trump onu dəstəklədiklərinə görə ailəsinin bütün üzvlərinə tək-tək təşəkkür edib. Əməyi keçən hər kəsə, sonda isə ABŞ kəşfiyyat xidmətinə minnətdarlığını bildirib, kəşfiyyat orqanlarının çox yaxşı işlədiyini xüsusi vurğulayıb.
 
«Biz elə bir iş görəcəyik ki, prezidentinizlə fəxr edəcəksiniz. Mən də sizin prezidentiniz olmaqdan qurur duyuram və bu ölkəni sevirəm!», - deyə nitqini bitirib.
 
***
 
Donald Trump ABŞ-ın ən böyük ştatları - Pensilvaniya, Ohayo, Şimali Karolina və Floridada qələbə qazanaraq, ölkəsinin 45-ci prezidenti olmağın astanasındadır.
 
Trump qalib gəlmək üçün toplamalı olduğu 270 səsi qazanmaq üzrədir. Onun göstəriciləri artıq 264-dür. Hillary Clinton isə, hələ ki, 215 səs toplayıb.
 
Nümayəndələr Palatasının sədri Paul Ryan Trump-ı qələbə münasibətilə artıq təbrik edib.
 
Nyu-Yorkda Clinton-un seçki gecəsinə toplananlar ekranlardakı nəticələri ağlayaraq izləyirlər.
 
Hazırda Viskonsin, Minnesota, Miçiqan, Nyu-Hempşir və Arizona ştatlarında hesablamalar başa çatmaq üzrədir.(azadliq.org)
 
 

 

Google+ WhatsApp ok.ru