DİQQƏT: Bakı-Sumqayıt yolunda gizli radar

Maide.az-ın məlumatına görə, Bakı-Sumqayıt yolunda gizli radar peydə olub. Bakı-Sumqayıt yolundakı «SOCAR» yanacaqdoldurma məntəqəsinin yaxınlığında ağ rəngli «BMW» markalı avtomobil dayanır. Həmin avtomolin içərisində isə radar quraşdırılıb. Sürücülər bildirirlər ki, həmin avtomobil Dövlət Yol Polisinə məxsusdur: «Camaat o maşının əlindən bezib. Hər dəfə bir yerdə dayanır. Amma əsas yerə yanacaqdoldurma məntəqəsinin yanıdır. Özü də DYP maşınıdır, maşınları çəkirlər».
Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Avtosfer"ə açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin VII hissəsində deyilir ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır: «İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsində isə aydın şəkildə deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Deməli, DYP-nin mərkəzi informasiya sisteminə (sürücülər bunu daha çaox MMX kimi tanıyırlar) inteqrasiya olunmayan radarlardan istifadə oluna bilməz. Belə radarlardan istifadə olunursa, onların göstəriciləri etibarsızdır.
Əgər yoldakı gizli radar qeydə aldığı qayda pozuntularını DYP MMX-ya yox, məsələn, qabaqdakı inspektora və ya posta ötürürsə, bu, açıq-aşkar qanun pozuntusudur».
Ərşad Hüseynov əlavə edib ki, DYP-nin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmini olmalıdır. Əgər sürətə nəzarət təhlükəsizliyə yox, daha çox cərimə toplanmasına yönəlibsə, bu, yolverilməzdir. Bununla belə, hər bir sürücü intizamlı olmalı, hərəkət qaydalarını, xüsusən də sürət rejimini pozmamalıdır: «Müşahidələr göstərir ki, gizli radarlardan şikayətlənənlər əsasən intizamsız və ya intizamsızlığa meylli sürücülərdir. Onlar unutmamalıdırlar ki, radara düşərkən günahkar radar yox, onlar özləridirlər, çünki sürət rejimini pozmadıqda heç kəs radara düşmür».

Google+ WhatsApp ok.ru