DUANIN QAYDALARI

DUANIN QAYDALARI

Necə dua edək? Dua etməyin qayda və şərtləri varmı?....

İmam Sadiq (ə) buyurur: “Duanın qaydalarını gözlə... (“Biharul-ənvar”, 93-cü cild, səh.322, 16-cı rəvayət.)

Necə dua edək? Dua etməyin qayda və şərtləri varmı? Yoxsa, dua etmək üçün xüsusi yer və xüsusi vaxta ehtiyac var?

Qurani-Kərim və məsum rəhbərlərin kəlamlarından məlum olur ki, Allahın rəhmət qapısından bəhrələnmək üçün heç bir xüsusi yer və xüsusi vaxt lazım deyildir. Allahın rəhmət qapısı Onun yolçularının üzünə həmişə açıqdır. İnsan hər zaman Allaha qəlbini açarsa, Allah onun cavabını verər.

Əlbəttə, cümə axşamı və Qədr gecəsi kimi məxsus zamanlarda, Məscidül-Həram, imam Hüseynin (ə) və digər Əhli-beyt üzvlərinin məzarları kənarında dua etməyin fərqli xüsusiyyətləri var. Lakin Quran və rəvayətlər dua etmək üçün başqa qaydalar da göstərir. Bunlardan ən mühümü dua zamanı və duadan qabaq Allahın əzəməti haqda düşünməkdir. Allah-Taala “Əraf” surəsinin 55-ci ayəsində buyurur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً

“Rəbbinizə inilti ilə (yalvara-yalvara), həm də gizlicə dua edin.”

Bu ayədə dua etmək əmr olunur. Lakin ayə buyurur ki, dua inilti ilə və gizli şəkildə olsun. Bu ayədə iki nöqtə qeyd olunur: Gizli şəkildə dua etmək, yalvarış və inilti halında olmaq.

Qurani-Kərimdə “təzərru” (yalvarış, ahu-zar) dəfələrlə zikr olunmuş bir nöqtədir. Qurani-Kərimin iki ayəsində “təzərru” ilə bağlı oxşar məfhumlar ifadə olunur. “Ənam” surəsinin 42-ci ayəsində buyurulur:

وَلَقَدْ أَرْسَلنَآ إِلَى أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَتَضَرَّعُونَ

Səndən əvvəl ümmətlərə (peyğəmbərlər) göndərdik. Sonra onları müsibət fəlakətə düçar etdik ki, bəlkə yalvaralar.”

“Əraf” surəsinin 94-cü ayəsində də belə buyurulur:

وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّبِيٍّ إِلاَّ أَخَذْنَا أَهْلَهَا بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَضَّرَّعُونَ

Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibət bəlaya saldıq ki, bəlkə Allaha yalvarıb-yaxarsınlar!”

Bu iki ayədə insanlar təkidlə Allaha yalvarmağa və ah-naləyə dəvət olunur.

Nə üçün “təzərru” (inilti və yalvarış)? İnildəməyin bizə hansı faydaları var? Allah nə üçün bu hala çox təkid edir?

Bəşəriyyətin ruhu elə yaradılıb ki, insan üzü ilahi dərgaha yalvarıb-yaxarmasa bəlaya düçar olar. İnilti və yalvarış insanı xudbinlik və təkəbbürdən uzaqlaşdırır, onu Allah qarşısındakı vəziyyətindən agah edir. Çünki inilti və yalvarış halı şəxsiyyətin sınması ilə əldə olunur. İnsanın göz yaşı, inilti və yalvarışla özünü sındırması Allah hüzurunda bəndəliyin ən gözəl nümayişidir.

“Qüdsi hədis”də nəql olunur ki, Allah-Taala İsaya (ə) buyurdu: Ey İsa, Məni yalvarışsız çağırma.”

Başqa bir hədisdə Allah-Taala buyurur: Ey İsa, özünü kiçilt! (“Biharul-ənvar”, 14-cü cild, səh.290-298, 14-cü rəvayət.)

Yalvarış və inilti halına çatmaq Allahın istəyi ilə mümkündür. İstədiyimiz vaxt yalvarış və iniltiyə müvəffəq ola bilmərik.

Əlbəttə, bizim yalvarışlarımız, ah-nalələrimiz, təvazökarlığımız və kiçikliyimizin Allah üçün heç bir faydası yoxdur. İnsan öz əməlləri ilə Allaha fayda vermək gücündə deyil. Allah öz yaradıcılığı, feyzi və lütfü ilə bəzi halətlər əta edir və bunun nəticəsində iman, hidayət və mərifətimizi artırır. Allah bizə öz günahlarımızı tanıyıb onları etiraf etmək üçün tofiq verir. Bunlar ilahinin lütflərindəndir.

Təkəbbür və qürurumuz Allahla aramızda olan maneədir. İnsan bu maneə və ya pərdələri götürsə, özünü Allahın qarşısında zəlil və biçarə görəcəkdir. Bununla da, o, Allahın geniş rəhmətinə daxil olacaqdır.

Allahın rəhməti şəlalə kimi daim cərəyandadır. Biz öz günahlarımızı etiraf edib, daim yalvararaq özümüzü geniş ilahi rəhmətə şamil edə bilərik. Öz mənliyimizi sındırmaqla qabiliyyət tapıb, ilahi rəhmətdən daha çox faydalanarıq. Başqa yolla işlərimizə rəhmət kölgəsi düşməyəcəkdir.

Duanın həqiqəti Allahın qarşısında bəndəlik və kiçikliyin göstərilməsidir. Bu kiçiklik hissi hər nə qədər böyük olarsa, insan Allaha bir o qədər yaxınlaşar.

İbadət bizim üçün kamillik səbəbidir. İnsanın ən üstün kamillik dərəcəsi Allah qarşısında öz eyiblərini tanımasında, Allah ilə əlaqəsində, kiçiklik göstərməsində, Ona qarşı məhəbbətli olmasında və bu həqiqətləri dərk etməsindədir. İnsan bu mərifət və tanışlıq nəticəsində hər şeyə yiyələnə bilər. Bu, insanın Allaha qovuşmasının sirridir. İnsan öz kiçiklik və ehtiyacını anlayıb, bunları Allah qarşısında etiraf etməyənədək Allaha doğru yol tapmayacaqdır. Çünki insanın varlığı Allah qarşısında kiçilmə və Onunla əlaqədən ibarətdir.

Qorxu və ümid halında olmaq duanın digər şərtlərindəndir. Dua insanın Allaha diqqəti və bəndəlik əlaqələrinin möhkəmlənməsindən ibarətdir. Bu əlaqədə iki tərəf var. Birinci tərəf böyük Allahdır, ikinci tərəf isə günahkar bəndə! İnsan öz günahını yada saldıqda, xəcalət hissi keçirir, Allahın rəhmətini gördükdə isə ümidvar olur. İnsan bir tərəfdən Allahın əzabından qorxub nigaran olmalı, digər tərəfdən isə, bütün günahları bağışlansa belə Allahdan heç bir şey azalmayacağını nəzərə almalıdır. Bu insan üçün həmişə gərəkli olan qorxu və ümid halıdır.

Dua üçün başqa qaydalar da deyilmişdir. O cümlədən, imam Sadiqdən (ə) bir rəvayətdə nəql olunur: Duanı Allahın həmd sənası ilə başlayın. Sonra onun nemətlərini sayın. Daha sonra öz günahlarınızı yada salıb onları etiraf edin Allahdan bağışlanma əfv tələb edərək Muhəmməd onun Əhli-beytinə salavat göndərin.” (“Biharul-ənvar”, 93-cü cild, səh.317, 21-ci rəvayət.)

Dəstəmazlı olmaq, batini və zahiri paklığa və səliqəyə riayət etmək, qəlbin möminlərə münasibətdə kindən təmizlənməsi, başqalarının səhvini bağışlamaq, duada başqalarına önəm vermək, duadan əvvəl və duanın sonunda Muhəmməd (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək İslam rəvayətlərində dua üçün göstərilmiş qaydalardandır. Bütün bunlar insanın Allah ilə əlaqəsinin möhkəmlənməsi və dua zamanı qəlb üçün hazırlıq səbəblərindəndir. Əsas nöqtə budur ki, Allahın hər şeyə qadir olduğunu və bütün olanlarımızın Ona məxsusluğunu anlayaq! (“Rəbbin dərgahında”, Ayətullah Misbah Yəzdi, səh.39-43.) (Maide.az)

 

Google+ WhatsApp ok.ru