`Duzlu göl`də növbəti söküntü, sahibkarlar narazıdır

`Duzlu göl`də növbəti söküntü, sahibkarlar narazıdır

Avqustun 2-dən Bakıda "Duzlu göl"ün (Zığ qəsəbəsinə yaxın yerdir) ətrafındakı obyektləri yenidən sökməyə başlayıblar.
 
Bunu həmin yerdə mövsümi fəaliyyət göstərən sahibkarlar bildirib.
Sahibkarlar deyir ki, söküntü işinə mülkigeyimli şəxslər başçılıq edirlər, hadisə yerində olan polis nəfərləri isə seyrçi kimi dayanaraq baş verənlərə müdaxilə etmirlər.
 
Sahibkarların deməsinə görə, söküntüyə başçılıq edən şəxslər prezidentin köməkçisi Novruz Məmmədovun adamlarıdır.
 
Onların bildirməsinə görə, adıçəkilən göl tərəfində 7 obyekt fəaliyyət göstərir, artıq 3-ü sökülüb. Qalan 4-nün də sökülməsi gözlənilir:
"Adətən belə hal olanda heç olmasa 15 gün öncə xəbərdarlıq edərlər. Dünən bildiriş göndəriblər, bu gün də traktorlarla obyektləri sökürlər, hər hansı kompensasiya verilmir".
 
​Sahibkarlar 1993-cü ildən bu əraziyə sığınmış məcburi köçkünlərdir. Onlar deyirlər ki, son 7 ilə kimi mövsümi sahibkar kimi fəaliyyət göstərməkdə hər hansı problemləri olmayıb:
"2010-da öncə belə problem yarananda bizə dedilər ki, fəaliyyətinizi davam edin. Siz oradan özünüz çıxmayana kimi orada hər hansı bir iş görməyəcəyik".
 
Sahibkarlar deyir ki, ötən ilə kimi 1500-2000 manat icarəhaqqı ödəyiblər. Ancaq bu il icarəhaqqı ödəyə bilmədiklərindən onlara məxsus obyektləri sökürlər...
 
XATIRLATMA
2010-cu ilin iyun ayında Gülnarə Məmmədova adlı şəxs Suraxanı Rayon Məhkəməsində iddia qaldırıb ki, «Duzlu göl»ün 14 hektardan artıq ərazisi 2002-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə sağlamlıq-istirahət mərkəzinin inşası məqsədilə ona 49 illik icarəyə verilib. O, həmin ərazidə məskunlaşmış köçkünlərin obyektlərinin sökülməsini istəyib.
 
Məhkəmə G.Məmmədovanın tələbini təmin edib.
 
2011-ci il iyunun 6-da icra məmurları ilə əraziyə gələn sahibkar Ənvər Məmmədov isə həmin məhkəmələrdə G.Məmmədovanın rəsmi nümayəndəsi kimi çıxış edib.
 
Ancaq Ə.Məmmədov deyib ki, prezidentin köməkçisi N.Məmmədovun əraziyə heç bir aidiyyəti yoxdur.
 
"Bu yerin nə Novruz Məmmədov, nə onun həyat yoldaşı (mətbuatda ərazinin N.Məmmədovun həyat yoldaşına məxsus olması barədə də məlumatlar gedib-red.) ilə əlaqəsi var. Bu yer şəxsən mənə məxsusdur, gələcəkdə də gəlib görə bilərsiniz ki, burda tikinti işləri ilə kim məşğuldur", - deyə o vurğulayıb.(azadliq.org)

Google+ WhatsApp ok.ru