Dövlət Sosial Müdafiə Fondunun sədri 7 rayonun sakinlərini qəbul edib

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün Tovuzda 7 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. ANS-in məlumatına görə, “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
 
DSMF sədrinin qəbuluna gələn Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Fondun Tovuz rayon şöbəsininin inzibati binasında keçirilən görüş zamanı həmçinin, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.
 
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana - Tovuz rayonuna aparılıb- gətirilmələri təmin olunub.
 
Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətlərinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
 

Google+ WhatsApp ok.ru