Dövlətin dotasiyaları aradan qaldırması nə vəd edir

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanda dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər (qiymətlər) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq. Bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində öz əksini tapıb.
 
Qəzet dotasiyanın ləğvinin hansı sahələrdə qiymət artımına səbəb ola biləcəyini araşdırıb.
 
İqtisadçı Qadir İbrahimli bildirib ki, dotasiyalar ləğv olunursa, bu o deməkdir ki, dövlətdən dotasiya alan bir sıra sahələrdə qiymət artımı yaşana bilər. Bu sahələrdən biri metropolitendir. Dotasiyanın ləğvi bu sahədə qiymətləri bahalaşdıra bilər: «Bakı Metrosu birbaşa dotasiya ilə işləyən dövlət müəssisələrindən biridir. «Azərenerji» və «Azəriqaz»da bahalaşma olacağına inanmıram. Çünki bu müəssisələrin əhaliyə satdığı həm işıq, həm qaz maya dəyərindən bah satılır. Orada dotasiyaya ehtiyac yoxdur. Ancaq metropolitendə bahalaşma ola bilər. Eyni zamanda daxili reyslərdə biz qiymət artımını müşahidə edə bilərik. Naxçıvana təyyarə qiymətində bahalaşma ola bilər. Çünki müəyyən dotasiyalar bu sahələrə yönəlir. Əgər bu dotasiyalar kəsiləcəksə, metropolitendə və aviauçuşlarda qiymət artımı gözlənilməlidir».

Google+ WhatsApp ok.ru