Dövlət orqanlarının fantastik həddə borcu yaranıb

Azərbaycanda dövlətə məxsus iri vergi ödəyicilərinin büdcəyə borcu getdikcə azalır. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
 
Onun sözlərinə görə, təkcə bu ilin 1-ci rübündə dövlət müəssisələri 786 milyon manat borc qaytarıb: “Aprelin 1-nə vergi borcları 1,6 milyard manatdan bir qədər çoxdur ki, onun da 22 faizini həmin vergi ödəyicilərinin payına düşür. Ən çox borcu olan müəssisə ”Azərsu”dur. Vaxtilə ən çox borc “Azərenerji”yə məxsus idi, amma onlar demək olar ki, borclarını ödəyiblər”.
 
Iqtisadçı ekspert Oqtay Haqverdiyev isə borcun məbləğinin 1,6 milyarddan çox olduğunu düşünür. Deyir ki, “Azərenerji” Neft Şirkətinə borcludur və elektrik stansiyalarını işlətmək üçün yanacağı ondan alır. Qarşılıqlı olaraq, Neft Şirkəti də ona borcludur. Neft Şirkəti elektrik enerjisindən istifadə edir, amma pulunu vermir. Nəticədə büdcədə proqnozda nəzərdə tutulmuş rəqəmləri verə bilmirlər: “Həmin təşkilatlar vaxtında özəlləşsəydi, ya da heç olmasa, yarısı özəlləşdirilsəydi, özəl şirkət kimi, büdcəyə və öz aralarında özlərinə borcu olmazdı. Tələb edərdilər, mümkün olmasa, məhkəmə, bir çox qanunlar var. Necə deyərlər, bütün əmlak da dövlətindir, büdcə də dövlətindir. Hazırda ”AZAL” barədə söhbət gedir. Onun büdcəyə hədsiz borcu var. Büdcədən başqa, şirkətin xarici şirkətlərə də borcludur. Təyyarələr alıb, amma pulunu vermir. Borc problemi sırf dövlətdə olduğu üçün onu qabartmırlar. Çünki şirkətlər özəlləşməyə gedəndə bu məsələlərin hamısının üstü açılacaq. Vəziyyət belədir”.
 

Google+ WhatsApp ok.ru