Dövriyyəyə yeni pullar gəlir - sabiq nazir təkliflə çıxış etdi

Dövriyyəyə yeni pullar gəlir - sabiq nazir təkliflə çıxış etdi

Fikrət Yusifov: “Aralıq pul nişanlarının buraxılmasına ehtiyac var”
 
Azərbaycanda gələcəkdə 200 manat dəyərində əsginaslar buraxıla bilər. Bu barədə Trend-ə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev məlumat verib. O, hazırda hökumətdə bununla bağlı müzakirələrin aparılmadığını bildirsə də, gələcəkdə belə əsginasların buraxıla biləcəyini istisna etməyib. 
 
Yayılan xəbərlərin ardından məsələ ətrafında çoxsaylı müzakirələr yaranıb. İqtisadçı ekspertlərin də bununla bağlı fikirləri birmənalı deyil. Çoxları indiki şəraitdə məbləği yüksək olan əsginasların buraxılmasını vacib hesab etmirlər. Xüsusilə, bunun alış-verişdə ciddi problemlər yaradacağı qeyd olunur. Bazarların, marketlərin daha çox əziyyət çəkəcəyi vurğulanır. Bunun əksini dilə gətirib, manatın dayanıqlığı üçün buraxılacaq yeni pulların müsbət töhfələr verə biləcəyindən danışanlar da var. Böyük məbləğdə vəsaitlərin daha yığcam formaya salınması üçün də 200 manatlıq əsginaslara ehtiyac olduğu qeyd olunur. 
 
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında yeni təkliflə çıxış etdi: “Bizdə hazırda dövriyyəyə nominalı daha böyük olan əsginasların (küpürlərin) buraxılmasına ehtiyac yoxdur. Əksinə, nəğd pulla aparılan hesablaşmaları asanlaşdırmaq üçün dövriyyəyə yeni nominalı olan aralıq pul nişanlarının buraxılmasına ehtiyac var. Əgər hər hansı bir ticarət mərkəzində, alış-veriş yerində sorğu aparılarsa, bu dediklərimizin sübutuna heç bir ehtiyac qalmayacaq. Belə ki, 50 və xüsusən də 100 manatlıq küpürü satıcıya təqdim edən alıcılar bir çox hallarda pulun qalığını geri almaq üçün kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Aralıq pul nominallarının az olması, nəğd hesablaşmaları bəzən kifayət qədər çətinləşdirə bilir. Fikrimizcə, bu hesablaşmaları asanlaşdırmaq məqsədilə dövriyyəyə 3 manatlıq, 20 manatlıq əsginasların əvəzinə isə 25 manatlıq nominalı olan əsginasların buraxılmasına böyük ehtiyac var. Eyni zamanda dəmir manatlıqların da dövriyyəyə buraxılması yaxşı olardı. Təsəvvür edin alıcının 1 manatlıq mal almaq üçün satıcıya təqdim etdiyi 5 manatdan satıcı hər birinin nominalı 1 manat olan 4 ədəd 1 manatlıq əsginas qaytarmalıdır. Halbuki, dövriyyədə 3 manatlıq küpürlər olarsa o, bunu 2 ədəd pul nişanı ilə - (3manat + 1 manat) edə bilər. Eyni qayda ilə 15 manatlıq mal üçün 50 manat təqdim etmiş alıcıya satıcı ən yaxşı halda 3 ədəd nominalı 10 manat olan və 1 ədəd nominalı 5 manat olan cəmisi 4 əsginas və ya 1 ədəd nominalı 20 manat olan, bir ədəd nominalı 10 manat olan və bir ədəd nominalı 5 manat olan cəmi 3 əsginas qaytarmaqla hesablaşmalıdır. Halbuki, dövriyyədə 25 manatlıq küpürlər olarsa, o, bunu iki əsginas (25 manat + 10 manat) edə bilər. Nəğd pulla aparılan hesablaşmalarda həm alıcıların və həm də satıcıların vaxtına qənaət və onların bu əməliyyatları keçirərkən rahatlığının təmin edilməsi məqsədilə bu çox önəmli bir məsələdir”. /

Google+ WhatsApp ok.ru