Döyülən jurnalistin xanımı Məlahət Nəsibova: `Naxçıvandan getməyəcəyik`

Naxçıvanda qəddarcasına döyülən jurnalist, hüquq müdafiəçisi İlqar Nəsibov xəstəxanadan evinə yerləşidirilib. 
 
Onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova avqustun 24-də musavat.com-a son vəziyyətlə bağlı danışıb. 
 
Hüquq müdafiəçisi deyib ki, İlqar Nəsibov evə yerləşdirilib: “Vəziyyət olduğu kimi qalır. Sümük zədələnmələri var. Ancaq xəstəxanadan çıxarıb, evə gətirmişik. Çünki orada şərait yoxdur. Digər tərəfdən, çox şey edə biləcəklərini düşünüb, bu addımı atdıq. Başında silkələnmə olub, yaddaşı arabir itir, hələ danışa bilmir. Həkim danışmağa icazə vermir”.
 
M.Nəsibovanın sözlərinə görə, polis ofisə baxış keçirib, stolun üstündə olan qayçı və bıçaq götürülüb,  təhqiqat aparılır və hələ də cinayət işi açılmayıb: “Hətta İlqarın tibbi ekspertizası aparılmayıb. İstintaq bizə heç bir məlumat vermir. İstənilən halda, hüquqi prosedurlarımızı işə salacağıq. Artıq şübhələrimiz var ki, bu iş hakimiyyətdən sifariş olunub”.
 
Müsahibimizin dediyinə görə, onların Naxçıvanı tərk etmək fikirləri yoxdur: “Biz Naxçıvanda doğulmuşuq, ata-babalarımız burada anadan olub. Canımızla-qanımızla bu torpağa bağlıyıq. Bu yeri necə tərk etmək olar? Hələ burdayıq, işləməliyik, Naxçıvan çətin bölgədir, biz burada lazımıq”.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərlə əlaqədar məlumat yayıb.
 
Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı daxil olmuş məlumat əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, heç də ictimai birliyin ofisinə hücum edilməyib, hadisə yalnız məişət zəminində baş vermiş davadan ibarət olub.
 
Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olub, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurublar.
 
21 avqust 2014-cü il tarixdə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurub, orada spirtli içki qəbul ediblər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib.
Məlumatda bildirilir ki, Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.
 
Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.
 
Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir./

 

Google+ WhatsApp ok.ru