DÜZ DANIŞMAQ – ŞƏXSİYYƏTİN BARİZ NİŞANƏSİ

DÜZ DANIŞMAQ – ŞƏXSİYYƏTİN BARİZ NİŞANƏSİ

Şübhəsiz, doğruluq və düz danışmaq – sözdə sadiqlik və əmanətdarlıq sifətləri insan şəxsiyyətinin ən bariz nişanələridir. Bu iki sifətsiz heç kimə həqiqi insan adını vermək olmaz və hər ikisi də müştərək bir kökdən qaynaqlanır. Çünki düz danışmaq sözdə əmanətdarlıqdan başqa bir şey deyil və doğruluq da əməldə sədaqət deməkdir. Onların ictimai təsirləri də bir-birinə yaxındır. İslam rəhbərlərinin kəlamlarında “sidqul-hədis” (düz danışmaq) və “ədaul-əmanət” (əmanətdarlıq və doğruluq) birgə qeyd edilib. İnsanlar da adi söhbətlərində düz danışmaqla doğruluğu eyni mənada işlədirlər.

düz danışmaq və doğruluq insan şəxsiyyətinin səciyyəvi xassəsi kimi, onun təfəkkür yüksəkliyi və ruh saflığını büruzə verir. Düz danışanlar, adətən, şücaətli, arxayın, ixlaslı, tamahsız, yanlış təəssüblərdən, dostluq və düşmənçilikdə ifratdan uzaqdırlar. Çünki bunlar düz danışığın meyarı və onlarsız düzlüyü müəyyənləşdirmək çətindir. Yalan danışanlar isə, adətən, qorxaq, riyakar, tamahkar, inadkar, təəssübkeş olub, dostluq və ədavətdə ifrata varırlar.

Düz danışanlar həyatda qayda-qanunları pozmur, şəxsi mənafe güdmür, hiylə və ikiüzlülükdən uzaq olurlar. Çünki sədaqət və doğruluq bunların heç biri ilə uyğun gəlmir. Yalanın səbəbləri ilə əlaqədar nəql olunan hədislərdə də yalan həmin çirkin xislət və rəzilətlərin mənşəyi kimi göstərilir. Bu baxımdan düz danışmağı bir sıra batini hisslərin kəşfində açara bənzətmək olar. Əhli-beytdən (ə) nəql olunan bəzi hədislərdə də düz danışmaq və doğruluq insanları tanımaq üçün meyar sayılmışdır. İmam Sadiq (ə) buyurmuşdur:

لا تَنْظُرُوا اِلى طُولِ رُكُوعِ الرَّجُلِ وَ سُجُودِهِ فَاِنَّ ذالِكَ شَيْءٌ قَدِ اعْتادَهُ فَلَوْ تَرَكَهُ اسْتَوْحَشَ لِذالِكَ، وَ لاكِنِ انْظُرُوا اِلى صِدْقِ حَدِيثِهِ وَ اَداءِ اَمانَتِهِ

“İnsanı səcdə və rükusunun uzunluğu ilə qiymətləndirmə! Ola bilər, bunu adət üzrə görsün və əgər onu tərk etsə, narahat olar. (Əksinə) onun düz danışığı və əmanətdarlığına bax!” (“Biharul-ənvar”, 71-ci cild, səh.8.)

Qurani-Kərimdə buyurulur:

{وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْل}

“Həqiqətən, onları (münafiqləri) danışıqlarından tanıyacaqsan.” (“Mühəmməd” surəsi, ayə 30.)

DÜZ DANIŞMAĞIN TƏSİRLƏRİ

İctimai nöqteyi-nəzərdən düz danışmaq və doğruluq insana cəmiyyətdə inam və etimad qazandırır. Bildiyimiz kimi, bəşəriyyətin bütün elmi, texnoloji və iqtisadi tərəqqiləri onların həyat sistemi, yəni ictimai yaşayışının nailiyyətləridir. Lakin ictimai həyatın əsasını təşkil edən həmkarlıq və səmimi ünsiyyət onların bir-birinə qarşı inam və etimadlarından doğur. Əks-təqdirdə, həyat problemlər, qalmaqallar, narahatlıqlar, ağrı-acılar və vəfasızlıqlarla üzləşəcək.

Məlum olduğu kimi, inam və etimadı qazanmaqda doğruluq və düz danışmaq mühüm rol ifa edir və onun qorxulu düşməni isə yalandır. Məsələn, iqtisadiyyatda əmtəə və məhsulların təbliğində gedən yalan, şişirtmə reklamlar, sözsüz, alıcı kütləsinin rəğbətini qazanmayacaq. Hakim orqanların yalan məlumatları onların doğru vəd və təkliflərini də şübhə altına alacaq və xalqın etimadını qazanmayacaqlar. Yalanın elmi ocaqlara nüfuzu da, sözsüz, alim, müəllim və tələbə sinifləri arasındakı etimadı azaldacaq, elmi-tədqiqi işlərdə birtərəflilik hökm sürəcək və qiymətli həmkarlıq işlərinə son qoyulacaq. O təbəqələr arasında yalan isə xəyanətdir. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.57-59.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru